AZAL biletlərin qiymətini AZALtmalıdır (VİDEO)
15.07.2015 621 0.0 0

Prezident İlham Əliyevin dünən Nazirlər Kabinetinin iclasında səsləndirdiyi fikirlər artıq ölkə ictimayyəti arasında geniş müzakirələrə yol açıb. Dövlət başçısının vacib bilib toxunduğu məsələlərdən biri də AZAL-ın bilet qiymətləri idi.

Aviabiletlərin qiymətinin baha olması müzakirə mövzusudur. Prezident son müşavirədə xidmət səviyyəsinə baxmayaraq, AZAL-ın təyyarə biletlərinin qiymətlərinin digər ölkələrə, şəhərlərə nisbətən baha olması məsələsinə diqqət çəkib.

Azərbaycanın yanacağı özü istehsal etməsinə baxmayaraq, yəni AZAL ucuz qiymətə yanacaq, üstəlik dövlətdən subsidiyalar aldığı təqdirdə biletlərin niyə baha olması barədə sual edilib.

Azərbacanda bütün təyyarələr dövlət büdcəsinin vəsaiti hesabına alınır, bütün aeroportlar dövlət hesabına tikilir, bütün şərait dövlət hesabına yaradılır. Şəffaflığın təmini, qiymətlərin tənzimlənməsi üçün prezident hökumət, Maliyyə Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliklərinə tapşırıq verib.

Ekspertlər düşünür ki, bu istiqamətdə əsas iş İqtisadiyyat və Sənaye Nazirliyinin üzərinə düşəcək. Bu nazirliyin tərkibində fəaliyyət göstərən Antiinhisar Departamenti bu məsələni nəzarətdə saxlamalıdır. İndiki halda AZAL təbii inhisarçı hesab olunur.

Azərbaycanda bir sıra inhisarçı qurumlar kimi məsələn, metro, dəmiryolu və s. fəaliyyətini dövlət tənzimlədiyi kimi AZAL-ın da fəaliyyətini dövlət nəzarət etməlidir. 

Hazırda Azərbaycanda AZAL-a rəqib yoxdur və nəticədə sərnişinlər ya onun bahalı biletlərini almalı olurlar, ya da qonşu Gürcüstana gedib oradan daha ucuz qiymətə bilet əldə edirlər.

Məsələn, xarici aviaşirkətlərdən birinin Tiflis-Bakı-Dubay reysi, Bakı-Dubay reysindən ucuzdur. Hərçənd ki, bu reyslə hərəkət edən təyyarələr yanacağı da Bakıda alırlar.

Elə sakin Tofiq Əfəndiyev də çox vaxt Ukrayna Hava Yolları ilə uçduğunu dedi: "Oradan da Bakıya yox, bibaşa Tiflisə uçuram, çünki ikiqat, üçqat ucuz başa gəlir".

İqtisadçıların hesablamalarına görə Azərbaycanda təyyarə bileti maya dəyərindən bir neçə dəfə baha qiymətə müştəriyə təklif olunur. Məsələn, araşdırmaya görə Bakı-Moskva bir tərəfli gediş biletinin maya dəyəri 100-120 manatdır. AZAL həmin bileti ikiqat 250 manata satır.

“Bütün dünyada qəbul ounmuş qərar var. Maya dəyərindən 20 faizdən çox olmaz. Bəzi Avropa ölkləri maya dəyərindən 12 faiz artıq götürürlər. Yoxsa 3, 5 dəfə baha belə olmaz axı”, – deyə iqtisadçı-ekspert Oqtay Haqverdiyev bildirib.

Xarici aviaşirkətlər eyni istiqamətə fərqli qiymətlər təklif edirlər. Əvvəla onlarda uçuşları həyata keçirən şirkətlərin sayı daha çoxdur və bu rəqabət mühiti yaradır.

İkincisi xarici şirkətlər xidmət səviyyəsi yüksək olan reyslərlə yanaşı, daha qənaətcil, məsələn, sərnişinə yemək təklif edilməyən ucuz biletlər təklif edirlər. 

Belə şirkətlərdə biletin qiyməti onun nə vaxt rezervasiya edilməsindən, onun qiymətinə yeməyin daxil olub-olmamasından və s. asılıdır. Bir sıra iri şirkətlər isə özlərinin daha az xidmət göstərən, amma daha ucuz uçuşlar həyata keçirən şirkətlərini də yaradıblar.

Azərbaycanda aviabiletlərin qiymətlərin baha olması ölkəyə turist axının da əngələyir. /anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar