Azərbaycanın iqtisadiyyat naziri Serbiyanın baş naziri ilə görüşüb
07.11.2016 558 0.0 0

Serbiyada səfərdə olan iqtisadiyyat naziri, Azərbaycanla Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Serbiyanın Baş naziri Aleksandr Vuçiç ilə görüşüb.

"Report"a nazirlikdən verilən məlumata görə, görüşdə Azərbaycan-Serbiya əlaqələrinin inkişaf perspektivlərinə və qarşılıqlı maraq doğuran məsələlərə dair müzakirələr aparılıb.

Ş.Mustafayev Azərbaycan-Serbiya əlaqələrinin strateji əməkdaşlığa, qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslandığını qeyd edib. Nazir bildirilib ki, dövlət başçılarının qarşılıqlı səfərləri və bu səfərlər çərçivəsində aparılan məhsuldar danışıqlar və imzalanan sənədlər iki ölkə arasında əlaqələrin inkişafında həlledici rol oynayır: "Azərbaycan və Serbiya beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq edir, xüsusilə ərazi bütövlüyü və suverenlik məsələlərində bir-birinin mövqeyini dəstəkləyir. Azərbaycan-Serbiya əlaqələrinin inkişafında Hökumətlərarası Komissiya əhəmiyyətli rol oyanır. Ötən müddətdə ölkələrimiz arasında ticarət, investisiya sahələrində əhəmiyyətli işlər görülüb. Biznes forum və bir sıra tədbirlər keçirilib, Belqradda Serbiya-Azərbaycan Ticarət-İqtisadi Palatası fəaliyyətə başlayıb. Ölkələrimiz arasında iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən energetika, investisiya, ticarət, nəqliyyat, kənd təsərrüfatı sahələrində əməkdaşlığın inkişafı üçün geniş imkanlar var. Serbiya Azərbaycanın tranzit imkanlarından istifadə edə, eləcə də TAP layihəsinə qoşula bilər. Hazırda Azərbaycanda 4 Serbiya şirkəti fəaliyyət göstərir. Azərbaycan şirkətləri Serbiyada özəlləşdirmə prosesində, eləcə də dövlət-özəl sektor əməkdaşlığı çərçivəsində infrastruktur və kommunal layihələrdə iştirak edə bilərlər. Azərbaycan hökuməti və Serbiya hökuməti arasında 2012-ci ildə imzalanmış Kredit Sazişinə əsasən həyata keçirilən və bu gün açılışı olacaq "11-ci dəhliz" avtomagistralının Lyiq-Preljina hissəsi də Azərbaycan-Serbiya əməkdaşlığının nümunəsidir. Bu gələcək əməkdaşlığımız və yeni layihələrin icrası üçün stimul yaradır".

A.Vuçiç ölkəsinin Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu qeyd edib. Baş nazir Serbiya və Azərbaycan arasında əməkdaşlığın inkişafı perspektivləri barədə fikirlərini bölüşüb: "Serbiya-Azərbaycan əlaqələrinin inkişafına verdiyi önəmə və göstərdiyi dəstəyə görə Azərbaycanın dövlət başçısına minnətdaram".

Görüşdə baş nazirin birinci müavini, tikinti, nəqliyyat və infrastruktur naziri xanım Zoran Mixayloviç iştirak edib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar