Tarix: 03.12.2016,   Saat: 15:31, Şənbə.          

Azərbaycanda sönmüş sürüşmə sahələri yenidən fəallaşıb

Son günlər Azərbaycanda davamlı yağışların yağması nəticəsində əvvəllər sönmüş sürüşmə sahələrində yenidən fəallaşma baş verib.
 
Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə deyib ki, bu, yağışların uzunmüddətli, davamlı olması və insan amili ilə bağlıdır. E. Əlizadə qeyd edib ki, buna misal olaraq paytaxtda məktəbin həyətində baş verən hadisəni göstərmək olar: “Xətai rayonu 48 saylı orta məktəbin ərazisində uçqun olub. Həmin ərazi əvvəldən sürüşmə zonasındadır və orada sürüşmənin qarşısını almaq üçün vaxtilə istinad divarı çəkilib. Ancaq son yağışlar nəticəsində həmin ərazi sürüşüb.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xınalıq yolunu yeni sürüşmə sahəsi hesab edir. Amma həmin ərazi nə vaxtdan yeni sürüşmə sahəsi olub? Əvvəldən də həmin ərazilər sürüşmə zonası sayılırdı. Sadəcə son zamanlar orada sakitlik idi. Müəyyən sahələrdə 1-2 il sürüşmənin olmaması o demək deyil ki, ora sürüşmə zonası deyil”.
 
Direktor müavini əlavə edib ki, Azərbaycan ərazisinin 25-26 faizinin potensial sürüşmə təhlükəsi var. Müəyyən müddətdə onların bəziləri konversasiya olunaraq, sakitləşdiyini deyən E. Əlizadə vurğulayıb ki, son günlər rütubət həddən artıq artanda onlar yenidən fəallaşıb. Onun sözlərinə görə, həmin ərazilər yeni sahələr deyil: “Son yağışlar nəticəsində ölkə ərazisində yeni sürüşmə sahələri yaranmayıb”./apa/



  Bölmə: Gündəm | Baxış sayı: 260 | Tarix: 21.10.2016, 14:40


Xəbərlər