Tarix: 09.12.2016,   Saat: 02:02, Cümə.          

Azərbaycanda qeydiyyatda olan hepatit virusuna yoluxmuş şəxslərin sayı açıqlanıb

“Səhiyyə Nazirliyində yaradılan hepatit B və C virusuna yoluxmuş şəxslərin müayinə və müalicəsinin təşkili üzrə Komissiyada hazırda 5700 xəstə qeydiyyatdadır. Onlar dövlət tərəfindən lazımı dərman preparatları ilə təmin olunur, müayinə və müalicə edilir. Bu vaxta kimi  5198 xəstəyə pulsuz dərmanlar verilib”. Məlumata görə, bunu Klinik Tibbi Mərkəzin II yoluxucu xəstəliklər şöbəsinin müdiri Ziyafət Tağıyeva deyib.

 

Onun sözlərinə görə, bu ilin 9 ayı ərzində mərkəzin yoluxucu xəstəliklər şöbəsinə 1197 xəstə qəbul edilib. Z.Tağıyeva qeyd edib ki, onlardan 485-i müxtəlif rayonlardan, 612-si isə Bakıdan gəlib: “Rayondan gələn xəstələrin 454-nün vəziyyəti çox ağır qiymətləndirilib. Şöbədə müvafiq müayinələri keçdikdən sonra onlar müalicə olunub və yaxşılaşma ilə evə yazılıblar. Ötən il isə ümumilikdə 6900 xəstə müayinə və müalicədən keçib”.

 

Klinik Tibbi Mərkəzin Reanimasiya şöbəsinin müdiri Rauf Cəfərquliyev vurğulayıb ki, ötən ilin 9 ayında  1278 nəfər reanimasiyaya daxil olmuşdusa, bu il onların sayı 1482 nəfər olub: "Ölüm faizi isə ötən il 21 faizə yaxınlaşmışdı, bu il 15,8 faiz olub. Ölümlər daha çox ürək-qan damar xəstəlikləri ilə bağlı olur. Sonrakı yerləri beyin qan dövranı və infeksion xəstəliklər tutur. İnfeksion xəstəliklərdə əsas yeri hepatit və baş beyinin iltihabı xəstəlikləri təşkil edir”.

R.Cəfərquliyev əlavə edib ki, 9 ay ərzində qida zəhərlənməsinin ən ağır forması sayılan botulizmlə bağlı 17 xəstə reanimasiyaya yerləşdirilib. Onlar arasında ölüm faktının qeydə alınmadığını deyən şöbə müdiri vurğulayıb ki, ötən il bu faktdan 2 ölüm baş verib. 

Mərkəzin direktor müavini Adil Salahov isə bildirib ki, xəstəxanada ölənlərin sayı ilbəil azalır: “Keçən il mərkəzdə 250 xəstə dünyasını dəyişmişdisə, bu il bu 156 nəfər olub. Xəstələrin dünyasını dəyişmə səbəbləri də müxtəlifdir. Onlar arasında avto qəzalarda xəsarət alanlar, müxtəlif travmalar, təbii fövqəladə hadisələr zamanı xəsarət alanlar üstünlük təşkil edir”. /apa/



  Bölmə: Gündəm | Baxış sayı: 168 | Tarix: 13.10.2016, 15:38


Xəbərlər