Azərbaycanda daha 16 dövlət obyekti özəlləşdirilib
27.09.2016 488 0.0 0

Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi növbəti dəfə açıq özəlləşdirmə hərracı keçirib.
Komitədən verilən məlumata görə, hərrac Azərbaycan Respublikası Prezidentinin "Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında" 19 iyul 2016-cı il tarixli fərmanına və bu sahədəki digər tapşırıqlarına əsasən təşkil olunub.
Hərracda ümumilikdə 16 dövlət obyekti özəlləşdirilib. Bu obyektlərdən 3-ü səhmdar cəmiyyətinin nəzarət səhm paketinin 30%-lik hissəsi, 13-ü isə kiçik dövlət müəssisə və obyektidir. Özəlləşdirilən səhmdar cəmiyyətləri məişət, pambıqçılıq və kənd təsərrüfatı mallarının emalı sahələrinə aiddir. Özəlləşdirilmiş 13 kiçik dövlət müəssisə və obyektlərinin 4-ü Bakıda, 9-u isə respublikanın digər şəhər və rayonlarında (Qəbələ, Xaçmaz, Daşkəsən, Kürdəmir, Oğuz və Qax) yerləşən obyektlərdir. Bu əmlakların 7-si ticarət sahəsinə, 2-si ictimai iaşə, 3-ü xidmət, 1-i isə qeyri-yaşayış sahəsinə aid olub.
Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac 11 oktyabr tarixində keçiriləcəkdir. Bu hərraca 85 dövlət əmlakı çıxarılacaq. Bunlardan 30-u özəlləşdirmə prosesi çərçivəsində yaradılmış kapitalının nəzarət səhm paketinin 30-45%-ni təşkil edən açıq səhmdar cəmiyyətləridir. Bundan əlavə hərraca 30 kiçik dövlət müəssisə və obyekti də çıxarılacaq. Eyni zamanda hərraca çıxarılacaq dövlət obyektlərinin siyahısında 25 ədəd nəqliyyat vasitəsi də yer alıb.
Hərracda iştirak üçün komitənin elektron xidməti (www.e-emdk.gov.az) üzərindən sifariş vermək və əmlakın hərracdakı satış qiymətinin 10%-i məbləğində behi bank vasitəsilə ödəmək kifayətdir. Hərraca çıxarılmış hər bir səhmdar cəmiyyəti, müəssisə və obyektlər, eləcə də nəqliyyat vasitələrinin mövcud vəziyyətini göstərən foto və mətn məlumatları Özəlləşmə portalında əks olunur. Hərraclar barədə həftəlik elanlar isə həm “Mülkiyyət” qəzetində dərc olunur, həm də komitənin rəsmi saytında və Özəlləşdirmə portalında yerləşdirilir. /report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar