Azərbaycan Premyer Liqasının 2019/2020 mövsümü başlayır
16.08.2019 574 0.0 0

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının 2019/2020 mövsümünə start veriləcək. 

Qazeta.info "Report"un məlumatına əsasən bildirir ki, 8 komandanın iştirakı ilə keçiriləcək sayca 28-ci ölkə çempionatının ilk turu 4 günü əhatə edəcək. Açılış matçında son çempion "Qarabağ" ötən mövsümü axırıncı yerdə bitirən "Keşlə"nin qonağı olacaq. Paytaxt təmsilçisinin ev oyunlarını keçirdiyi "ASK Arena"nın süni ot örtüyü dəyişdirildiyi üçün görüş Mərdəkandakı "Dalğa Arena"da baş tutacaq. 

Bu oyun sözügedən komandaların Premyer Liqada yubiley – 60-cı duelə olacaq. "Keşlə" indiyə qədər reallaşan 59 matçdan 13-də, "Qarabağ" isə 27-də qalib gəlib. 19 qarşılaşmada isə heç-heçə qeydə alınıb. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv son 3 görüşdə qələbə qazanıb.

Çempionlar Liqası ilə vidalaşan və mübarizəni Avropa Liqasında davam etdirəcək Ağdam klubu yay transfer pəncərəsində Xayme Romero ("Kordoba", İspaniya), Ailton Silva ("Ştutqart", Almaniya: icarəyə), Rerras Faysal ("Bezye", Fransa) və Maqaye Qeyeni ("Osmanlıspor", Türkiyə) heyətinə qatıb. 

"Keşlə"nin heyəti isə demək olar ki, tamamilə dəyişib. Tərlan Əhmədovun baş məşqçilik etdiyi kollektiv çox sayda futbolçu ilə yollarını ayırıb, əvəzində Rəşad Əzizli, Əfran İsmayılov (hər ikisi "Sumqayıt"), Ruslan Qurbanov ("Səbail"), Franko Flores ("Alki", Kipr), Ziya Əzizov ("Neymegen", Hollandiya), İlkin Qırtımov ( "Zirə"), Stanislav Namaşko ("Zeta", Monteneqro), Emin Mehdiyev ("Qaradağ Lökbatan"), Miyuşko Bojoviç ("Uypeşt", Macarıstan), Sezar Meza Kolli (“Universitatya Krayova”, Rumıniya: icarəyə) və Lorenzo Frutos ("Deportivo Lara", Venesuela) kimi oyunçularla güclənib. 

İlk turda keçiriləcək "Qəbələ" - "Sumqayıt" matçı avqustunda 17-də, "Səbail" - "Zirə" görüşü avqustun 18-də, "Neftçi" - "Sabah" oyunu isə avqustun 19-da olacaq. 

Qeyd edək ki, arxada qalan 27 mövsümdə “Neftçi” 8, “Qarabağ” 7, “Kəpəz” 3, “Şəmkir”, “Bakı”, “Keşlə” (əvvəlki “İnter”) hərəyə 2, “Turan” və “Xəzər Lənkəran” hərəyə 1 dəfə çempion adına yiyələnib. 2001/02 mövsümü isə başa çatdırılmayıb. İndiyədək keçirilən 27 yarışda 2955 futbolçu meydana çıxıb.

Azərbaycan Premyer Liqası

I tur

 

16 avqust (cümə)

19:00. “Keşlə” – “Qarabağ”

Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Mübariz Haşımov, Etibar Həsənov

Hakim-inspektor: Zöhrab Qədiyev

AFFA nümayəndəsi: Şaiq Həmidov

“Dalğa Arena”

17 avqust (şənbə)

19:00. “Qəbələ” – “Sumqayıt”

Hakimlər: Rauf Cabarov, Yaşar Abbasov, Müslüm Əliyev, Rəşad Əhmədov

Hakim-inspektor: Şahin Cəfərov

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Qəbələ şəhər stadionu

18 avqust (bazar)

20:00. “Səbail” – “Zirə”

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Rauf Allahverdiyev

Hakim-inspektor: Ceyhun Haşımov

AFFA nümayəndəsi: Ramiz Mustafayev

“ASCO Arena”

19 avqust (bazar ertəsi)

20:00. “Neftçi” – “Sabah”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Nicat İsmayıllı

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

“Bakcell Arena”

Qeyd edək ki, turun bütün görüşləri “CBC Sport” telekanalı vasitəsi ilə canlı yayımlanacaq.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar