«Atletlər kəndi»ndə baş vermiş qəzaya görə təqsirləndirilənlər məhkəmədə ifadə verib-VİDEO
22.04.2016 576 0.0 0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 2015-ci ildə Bakıda keçirilən Avropa Oyunları zamanı yaradılan “Atletlər kəndi”ndə baş vermiş qəza ilə bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
 
Məlumata görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.  İttihama münasibət bildirən Vəli Əhmədov özünü təqsirli bildiyini, Hüseyn Salamov, Fərid Əmiraslanov təqsirli bilmədiklərini, Elçin Həsənov isə özünü qismən təqsirli bildiyini deyib.
 
Daha sonra təqsirləndirilən şəxslərdən V. Əhmədov ifadə verib. O bildirib ki, hadisə vaxtı əyləc işləməyib. "Sonra da ürəyim sıxıldı gözüm qaraldı . Özümdə olmadım. Avtobusun hara getdiyini bilmədim. Etdiyim əmələ görə peşmanam".
 
Prosesdə V. Əhmədovun əvvəllər də yol qəzası törətdiyi açıqlanıb.
 
Hüseyn Sàlamov isə ifadəsində bildirib ki, hadisənin baş verməsində hər hansı rolu olmayıb və ona verilən səlahiyyətləri yerinə yetirib.
 
Məhkəmə prosesi aprelin 29-da davam etdiriləcək.
 
Qeyd edək ki, yanvarın 15-də keçirilən hazırlıq iclasında məhkəməyə Baş Prokurorluqdan daxil olan məktub oxunub. Məktubda bildirilib ki, zərərçəkən şəxslərə Avstriya səfirliyi və Avropa Komitəsi tərəfdən istintaqın başa çatması və işin məhkəməyə göndərilməsi barədə məlumat verilib. Prosesdə təqsirləndirilən Vəli Əhmədovun vəkili vəsatətlə çıxış edərək deyib ki, ittiham üzrə zərərçəkən şəxslərin ifadəsi yoxdur. O, cinayət işinin ibtidai istintaqa qaytarılmasını istəyib. Məhkəmə onun vəsatətini təmin edib. Cinayət işinin baxılmasına xitam verilib və iş ibtidai istintaqa qaytarılıb.
 
Xatırladaq ki, 2015-ci il iyunun 11-də I Avropa Oyunlarının “Atletlər kəndi”nin nəqliyyat deposunda “Bakubus” Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus avtobus hərəkət zolağından çıxaraq piyadalar üçün səki ilə gedən Avstriyanın sinxron üzgüçülük üzrə yığma komandasının üzvləri Vanessa Sahinoviçə və Luna Pacerə bədən xəsarətləri yetirib. Hadisədən sonra avtobusun sürücüsü Vəli Əhmədov, Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin şöbə rəisi Hüseyn Salamov və “Təhlükəsiz şəhər” kamerasının operatoru Elçin Həsənov saxlanılıb./apa/

 

Qazeta.info Atletlər kəndində baş vermiş qəzanın görüntüləri təqdim edir


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar