Amerika ağ kəpənəyi və onun bitkilərdə yaratdığı təhlükələr
09.03.2022 395 0.0 0

Karantin obyekti olan Amerika ağ kəpənəyinin (Hyphantria cunea (Drury, 1773)) polifaqlığı, yayıldığı ərazinin iqlim şərtlərindən asılı olaraq, il ərzində 1- 4 nəsil verməsi, meyvələrə, park, meşə və kol bitkilərinə güclü ziyan vurma qabiliyyəti, yayılma tezliyi və yüksək məhsuldarlığı onun təhlükəli zərərverici olduğunu deməyə imkan verir. Bu zərərverici Azərbaycanda ilk dəfə 1984-cü ildə Quba-Xaçmaz bölgəsində aşkarlanıb, qısa zaman kəsiyində Bakı-Abşeron bölgəsinə də yayılıb. Qonşu ölkələrlə, o cümlədən Türkiyə və Gürcüstan ilə intensiv meyvə-tərəvəz ixracı və idxalı həyata keçirildiyi, eləcə də nəqliyyat vasitələrinin intensiv dövriyyəsi səbəbindən həmin ərazilərdən bu zərərvericinin  Azərbaycana daxilolma riski yüksəkdir. Çünki qeydə alınan sahib bitkilərindən 120-si ölkəmizin florasında mövcuddur. Azərbaycanın əksər bölgələrinin bitki örtüyü və iqlim şəraiti zərərvericinin məskunlaşması üçün əlverişlidir. Xüsusilə, Abşeron, Quba-Xaçmaz bölgəsi  iqlim şəraitinə görə məskunlaşma üçün optimal mühit sayılır. Zərərvericinin ölkəyə daxil olması üçün ən çox ehtimal edilən yollara gəlincə, onun yetkin fərdləri və sürfələri yük daşımaları, nəqliyyat vasitələri və avadanlıqları, ağac materialları yüklənmiş   konteynerlər, təzə meyvə-tərəvəz, kəsilmiş güllər, tinglər və s. vasitələrlə yayılır. Əsasən tut, ağcaqayıngavalı, alma, armud, qoz və albalı ağacları ilə yanaşı, müxtəlif kənd təsərrüfatı bitkilərinə (pambıq, qarğıdalı, çuğundur, kələm, üzüm və s.)  ziyan vurduğu bildirilir.

Bakı-Abşeron bölgəsində 2020-ci ilin oktyabr ayında Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun “Elmi Araşdırmalar Mərkəzi” departamentinin əməkdaşları tərəfindən aparılan monitorinq zamanı tut və ağcaqayın ağaclarında Amerika ağ kəpənəyinin yuxarı yaş mərhələsində olan və aktiv hərəkət edən sürfələrinə rast gəlinib. Ağacın budaq və yarpaqlarından əlavə yerdə -torpaq və betonun üzərində də sürünən sürfələr asanlıqla müşahidə edilirdi.

Respublikamızın ərazisində həm Quba-Xaçmaz, həm də Bakı-Abşeronda bu zərərverici 2 tam nəsil verir. Lakin iqlim şəraiti ilə əlaqədar (xüsusən də havanın temperaturu və düşən yağıntının miqdarından asılı olaraq) nəsillərin sayı arta bilər. Məsələn, 1995-1998-ci illərdə Bakıda ilin nisbətən isti və quraqlıq keçməsi ilə əlaqədar olaraq, ikinci nəslin bütün pupları diapauzaya getməmiş, bir hissəsindən üçüncü yarımçıq nəsil də (1995-ci ildə ikinci yaşlı tırtıllara qədər, 1998-ci ildə dörd-beşinci yaşlı tırtıllara qədər) alınıb.

Zərərvericinin bitkiyə, xüsusən də meyvə bitkilərinə vurduğu ziyan məhsul itkisi ilə nəticələnir. Amerika ağ kəpənəyinin inkişafı üçün optimal şərait 70-80% nisbi rütubətlilik və +22-27°C temperatur hesab edilir. Zərərverici həm yetkin, həm də sürfə mərhələsində bitkinin meyvələri, cavan budaqları, yarpaqları, kökü və toxumları ilə qidalanır.

Zərərli orqanizmin aşkarlandığı təqdirdə onun ləğv edilməsi üçün bir çox mübarizə tədbirlərindən istifadə olunmalıdır. Amerika ağ kəpənəyinin ləğv edilməsi üçün yerli şərait nəzərə alınmaqla, özündə fitosanitar, kimyəvi, bioloji, fiziki və mexaniki mübarizə tədbirlərini birləşdirən tədbirlər sistemi həyata keçirilməlidir. Fitosanitar mübarizə tədbirlərinə gəlincə, ciddi karantin rejimi tətbiq olunmalı, AAK yayılmış ölkələrdən idxal olunan bütün yüklər (əl yükləri də daxil olmaqla)  və nəqliyyat vasitələri daşıdıqları yükün təyinatından asılı olmayaraq nəzarətdə saxlanılmalıdır. Sərhəd keçid məntəqələrində çalışan və fitosanitar nəzarəti həyata keçirən əməkdaşlar zərərverici haqqında məlumatlı olmalıdır.

Zərərvericiyə qarşı səmərəli kimyəvi mübarizə vasitələri kimi pestisidlərdən istifadə edilir. İlk kimyəvi dərmanlama  qışlamadan çıxan  yetkin fərdlərə qarşı axşam saatlarında havanın temperaturunun aşağı düşdüyü zaman aparmaq lazımdır. Çünki bu zaman zərərvericinin aktivliyi də azalır. Həmçinin, müasir və geniş tətbiq olunan üsullardan biri delta, aqreqasiya tipli feromonlu və işıq tələlərdən istifadə edilməsidir. Həftədə 1 dəfə olmaqla həmin tələlər yoxlanılır. Ekspertiza üçün tələlərə düşən həşəratlardan nümunə götürülür. Lazım gəldikdə həmin tələlərin üzərinə kimyəvi qatqılı yapışqan maye çəkilir. Bu zərərli orqanizm ilə mübarizə aparmaq üçün pestisidlərin yaşayış məntəqələrində istifadəsi qadağandır.

Amerika ağ kəpənəyi Azərbaycan üçün yeni invaziv növ olması nəzərə alınaraq, aşkar edildiyi təqdirdə, onun sayından asılı olmadan bütün ocaqlarının tamamilə məhv edilməsi üçün mübarizə tədbirləri tətbiq edilməlidir.

Yayılma arealının sərhədləri dəqiqləşdirildikdən sonra yayıldığı ərazilərdə karantin elan olunaraq təcrid və ləğvedici tədbirlər aparılmalı, ocaqlar tamamilə məhv edilməli və ya müəyyən ərazidə nəzarətdə saxlanmalıdır. Konkret ərazidə yayılması və ləğvedici tədbirlərin aparılması barədə Beynəlxalq qurumlara məlumat verildiyi halda bitkiçilik məhsullarının ixracı zamanı bir sıra ölkələr, o cümlədən Avrasiya İqtisadi Birliyi tərəfindən yükün zərərvericidən azad zonadan olması tələbi irəli sürülə bilər. Lakin karantin elan olunmaması, ocaqlarda təcrid və ləğvedici tədbirlərin aparılmaması zərərvericinin sürətlə yayılmasına, kütləvi məhsul itikisinə səbəb olmaqla yanaşı, idxalatçı ölkələrdə aşkar edildikdə Bitki Karantini və Mühafizəsi üzrə Beynəlxalq Konvensiyanın (İPPC) tələblərinə riayət edilməməsi kimi qiymətləndirilə bilər.

AQTİ-nin “Elmi Araşdırmalar Mərkəzi” Nəzakət Mirzəzadə


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar