Allahşükür Paşazadə Nardaran hadisəsini kəskin tənqid edib
03.12.2015 693 0.0 0

“Nardaranda baş verənlər bizi məyus etdi. Hadisələr zamanı biz müraciət yaydıq. Baş verənlərin dinə aidiyyəti yoxdur. Bu, dövlət çevrilişinə cəhd, terrordur. Biz bunu qəti şəkildə pisləyirik”.
 
Qazeta.info APA-ya istinadla bildirir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə deyib.

 
O qeyd edib ki, Azərbaycanda dövlət din üçün hər cür şərait yaradıb: “Kim Taleh Bağırzadə kimilərinin yanında olacaqsa, bu, nankorluqdur, dövlətə, dövlət başçısına qarşı olmaq deməkdir. Nardaranda bəzi dindarlar, ağsaqqallar var. Bir qrup adam onların inamından istifadə edib. O adamlar nardaranlı deyil. Ulu öndərin vaxtında Nardaranda 40-a yaxın insanın həbsdən buraxılması, ziyarətgahın bərpa edilməsində rolumuz  oldu. Bir növ sülh yarada bildik. Heyfislənirəm ki, bu məsələ sonradan həllini tapa bilmədi. Artıq bir neçə gündür, güc yolu ilə həll olunur. Bu, düzgün qərardır. Bu məsələnin həllində biz aciz qaldıq”. 

 

Daha sonra o bildirib ki, “Nardaranda baş verənlərin kökü başqa yerlərə gedib çıxır. Bunların kökü xaricdən gəlir. Xaric deyəndə bəziləri qonşuluqdakı dövlətləri nəzərdə tutur. Lakin nə Türkiyə, nə də İran Azərbaycanda iğtişaşın tərəfdarıdır. İran Azərbaycanda sülh olmasını istəyir”.
  
Bundan başqa QMİ sədri qeyd edib ki, Azərbaycanın düşməni Ermənistandır: “Ola bilsin ki, onlar da burda iğtişaş törətmək istəsinlər. Saxlanılan şəxslərin bədənlərində olan rəmzlər erməniliyin simvoludur”.

 
A. Paşazadə qeyd edib ki, Taleh Bağırzadənin çıxışlarında insanları ancaq dövlət çevrilişinə səsləmək olub: “Onun çıxışlarında imam Hüseynin adı çəkilmirdi. Biz dindarlar prezidentimizin siyasətini bəyənirik. Daxili işlər naziri Ramil Usubovla, başqa dövlət adamları ilə danışmışam. Onlar bizə arxalanırlar. Onları bilirlər ki, bizim adamlarımızın Taleh Bağırzadə ilə əlaqəsi ola bilməz. Gələcəkdə bu cür hadisələrdə ayıq-sayıq olmalıyıq. Bu, bizim borcumuzdur”.
 
Şeyxülislam onu da qeyd edib ki, dinin özünə qarşı getməyin də tərəfdarı deyil: “Burada əqidə sahibləri var. Onların qəlbinə  toxunmaq olmaz”. 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar