ABŞ-ın silahları ilə Rusiya səfirliyi vurulacaq – RƏSMİ İTTİHAM
27.12.2016 1184 0.0 0

“ABŞ-ın müdafiə xərcləri haqqında yeni qanun birbaşa anlamağa imkan verir ki, raket əleyhinə müdafiə üzrə Vaşinqtonun planları Rusiya ilə nüvə paritetinin dağıdılmasına yönəlib”.

SİTA agentliyinə istinadən xəbər verilir ki, bunu ABŞ-ın müdafiə xərcləri haqqında yeni qanunu şərh edən Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Qanunun əsas bölməsi raket əleyhinə müdafiə sisteminə həsr edilib. Uzun müddət bizi qonaq etdikləri İran və Şimali Koreyanın nüvə təhdidi haqqında iddialardan yan keçiblər. Bu, birbaşa anlamağa imkan verir ki, Vaşinqtonun planları çox geniş və strateji sferada birtərəfli üstünlüyü təmin etmək məqsədilə Rusiya ilə nüvə paritetinin dağıdılmasına yönəlib”, - deyə Zaxarova bildirib.

ABŞ-ın müdafiə xərcləri haqqında yeni qanunun Suriya döyüşçülərinə daşınabilən zenit-raket komplekslərini çatdırmağa icazə verdiyini deyən Zaxarova bunun Rusiyaya qarşı düşmən addımı olduğunu vurğulayıb: "Verilən silahlar tezliklə cihadçıların əllərinə keçəcək. Vaşinqton bunu anlamalıdır. Bu qərar Suriyadakı səfirlik, Rusiyanın hərbi heyət və Rusiyanın hərbi təyyarələri üçün birbaşa təhdid deməkdir. Buna görə də Vaşinqtonun bu addımına düşmənçilik kimi baxırıq”.

Qeyd edək ki, ABŞ prezidenti Barak Obama dekabrın 23-də 2017-ci maliyyə ilində ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) siyasəti haqqında qanunu imzalayıb. Qanunda Suriyanın silahlı müxalifətinə zenit-raket komplekslərinin çatdırılması üzrə Pentaqonun hərəkətləri tənzimlənir.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib ki, Barak Obama administrasiyası müdafiə xərcləri haqqında yeni qanunla anti-Rusiya kursunu gələcək prezident Donald Trampın boynuna qoymağa çalışır: “Bütovlükdə belə təəssürat formalaşır ki, son günlərini yaşayan Barak Obamanın komandası bu qanunun qəbulu ilə Donald Trampın administrasiyası üçün mina qoymağa, onun beynəlxalq səhnədə işlərini çətinləşdirməyə çalışır”./Publika.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar