2020-ci il üçün Bayram günləri açıqlanıb
03.12.2019 640 0.0 0

Yeni illə bağlı iş və istirahət günlərinin yeri dəyişdirilib.

Nazirlər Kabinetinin saytına istinadən məlumatına görə, bu barədə Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Sənədə əsasən iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə 2019-cu ilin 28 və 29 dekabr istirahət günləri ilə 2020-ci ilin 3 və 6 yanvar iş günlərinin yerləri dəyişdirilir.

Bununla da 31 dekabr, 1,2,3,4,5,6 yanvar qeyri-iş günləri olacaq.

Bundan başqa, Azərbaycan Respublikasının Baş Naziri 2020-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında da Sərəncam imzalayıb.

Nazirlər Kabinetinin rəsmi saytına istinadən verilən məlumata görə, Sərəncamda deyilir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinin 4-cü hissəsinə və “Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli 194-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 dekabr tarixli 489 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən 2020-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, mayın 24, 25-i Ramazan bayramı, iyulun 31-i, avqustun 1-i Qurban bayramı günləri müəyyən edilsin. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Sərəncamda nəzərdə tutulan günlər iş günü hesab edilmir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar