Müşahidələr göstərir ki, respublikada koronavirusun yeni ştamına yoluxanların sayında artım davam edir. Belə ki, əgər yanvarın 25-də Azərbaycanda COVID-19 infeksiyasına 2468 yoluxma faktı qeydə alınıbsa, ötən gün 5 minə yaxın vətəndaş yoluxub.
Qazeta.info xəbər verir ki, yoluxma sayının artması ilə əlaqədar Səhiyyə Nazirliyi Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktorunun müavini Afaq Əliyeva ictimaəti maraqlandıran suallara cavablandırıb.
A. Əliyeva qeyd edib ki, COVID-19 infeksiyasına gündəlik yoluxmada artım yalnız Azərbaycanda deyil, bir çox Avropa və postsovet ölkələrində müşahidə edilir. Belə ki, yanvarın 30-da Almaniyada sutka ərzində yeni COVID-19 infeksiyasına 119 minə yaxın, Rusiyada 121 mindən artıq, Ukraynada 25 minə yaxın, əhalisi 4 milyona yaxın olan qonşu Gürcüstanda isə 17 500 artıq yoluxma halı qeydə alınıb. Bir neçə həftə ərzində “Omicron” ştamının daha çox yayılması və digər növləri sıxışdırılması artıma səbəb olub.
Azərbaycanda yoluxmaların sayının kəskin artmasına baxmayaraq, test nəticəsi müsbət çıxmış şəxslərin xəstəxanaya yerləşdirilməsi halları eyni dinamika ilə inkişaf etmir və gündəlik hospitalizasiya sayı stabil olaraq eyni qalır. Bunun da əsas səbəbi odur ki, peyvənd olunanlar virusa yoluxduqda xəstəliyi yüngül keçirirlər.
Koronavirusun “Omicron” ştamının simptomları çox vaxt kəskin respirator infeksiya simptomlarına bənzəyir. Yeni ştam əsasən yuxarı tənəffüs yollarına - burun və boğaza təsir edir, koronavirus infeksiyasının digər ştammlarına nisbətən ağciyərlərə daha az yayılır.
A. Əliyeva əlavə edib ki, “Omicron”un ən çox qeydə alınan simptomları - baş ağrısı, burun axması və boğaz ağrısıdır. Həmçinin, yeni ştama yoluxmuş şəxslər yorğunluq, qızdırma, bədən ağrıları və gecə tərləmələrindən şikayətlənirlər.




