Tarix: 08.12.2016,   Saat: 07:59, Cümə axşamı.          

Yeni fransalı həmsədr vəzifəsinin icrasına başlayıb

ATƏT-in Minsk qrupunun yeni fransalı həmsədri Stefan Viskonti artıq vəzifəsinin icrasına başlayıb.
 
Bu barədə Fransa Xarici İşlər Nazirliyindən məlumat verilib.
 
Nazirlikdən bildirilib ki, yeni həmsədr digər həmkarları ilə birlikdə ATƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin dekabrın 8-9-da Hamburqda keçiriləcək görüşünə qatılacaq.
 
ATƏT ölkələri xarici işlər nazirləri Şurasının Hamburq toplantısında həmsədrlərin Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşləri planlaşdırılır. Həmsədrlər Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil etməyi də nəzərdə tuturlar. Görüşlərdə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkili əsas müzakirə mövzusu olacaq.
 
Xatırladaq ki, yeni həmsədr bu vəzifədə Pyer Andryunu əvəz edib.
 
Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.
 
1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.
 
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏM (1994-cü ilin dekabrında keçirilmiş Budapeşt sammitindən sonra ATƏT) Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.
 
1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.
 
Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur./apa/



  Bölmə: Ölkə | Baxış sayı: 580 | Tarix: 03.11.2016, 15:37


Xəbərlər