Yem əlavələrinin heyvan sağlamlığında rolu
15.03.2022 396 0.0 0

Yem əlavələrinin heyvandarlıq və quşçuluqda istifadəsinin bir çox üstünlükləri var. Belə ki, əlavələr yem rasionlarına əlavə edildikdə heyvan orqanizmi bütün zəruri qida maddələri ilə (zülallar, vitaminlər, minerallar və s.) təmin edilmiş olur, heyvan orqanizmində həzm  və qida maddələrinin mənimsənilmə prosesləri yaxşılaşır, heyvanların fizioloji inkişafı sürətlənməklə, məhsuldarlıq göstəriciləri yüksəlir. Bundan əlavə, fermentativ və hormonal proseslər, həmçinin heyvanların reproduktiv fəaliyyəti tənzimlənir, toksinlərin orqanizmdən xaric olması sürətlənir, orqanizmin xəstəliklərə qarşı davamlılığı (immunitet) yüksəlir, heyvan mənşəli qida məhsullarının (ət, süd, yumurta və s.) keyfiyyət göstəriciləri artır. Ümumiyyətlə, bu əlavələrdən düzgün istifadə etdikdə az məsrəflə yüksək keyfiyyətli heyvan mənşəli qida məhsulları istehsalına nail olmaq mümkündür.

Təcrübəyə əsasən, yem əlavələri heyvanın növü, cinsi, cinsiyyəti, yaşı və məhsuldarlıq istiqamətindən asılı olaraq, yem rasionlarının 5-30%-ini təşkil edə bilər.

Heyvandarlığın müxtəlif sahələrində (iri və xırdabuynuzlu heyvandarlıq, quşçuluq və s.) istifadə məqsədilə istehsal olunan yem əlavələrinin müxtəlif kateqoriyaları mövcuddur. Texnoloji tipli yem əlavələri məhsulu çürümə və kif göbələklərindən, eyni zamanda mikotoksinlərin təsirindən qoruyur. Belə yem əlavələrinin tərkibinə qatılan qoruyucu maddələr (qarışqa turşusu, süd turşusu, kalium sorbat, natrium pirosulfit və s.) onların uzun müddət keyfiyyətli qalmasını təmin edir.

Bitki və ya fitogen tipli yem əlavələri müxtəlif bitki qarışıqları və bitki mənşəli qatqılardan (ekstraktlar, efir yağları və s.) istifadə edilməklə  hazırlanır. Belə yem əlavələri daxil edilən  rasionlar heyvanlar tərəfindən  həvəslə və itkisiz yeyilir.

Mineral tipli yem əlavələrinin tərkibi Ca, F, Mg, Fe, Zn, J kimi makro- və ya mikroelement əsaslı olmaqla yanaşı, həmçinin vitamin qarışıqlarından (A, D, E, K, B qrupu və s.) da ibarət olur. Məhsulun keyfiyyət göstəricilərinə bilavasitə təsir edən bu yem əlavələri ilə düzgün davranmadıqda heyvan orqanizmində vitamin-mineral disbalansı yarana və arzuolunmaz nəticələrə (boyatmanın ləngiməsi, məhsuldarlığın azalması, immunitetin zəifləməsi və s.) səbəb ola bilər. Mineral tipli yem əlavələrinin rasionun 5-7%-ni təşkil etməsi optimal hesab olunur.

Balanslayıcı tipli yem əlavələri tərkibinə görə müxtəlif (yüksək proteinli, probiotik tərkibli, vitaminli və s.) ola bilər. Yüksək proteinli yem əlavələrinə az miqdarda vitamin, mineral, antioksidant və fermentlərin qatılması onların balanslayıcılıq xüsusiyyətini daha da artırır. Probiotik tərkibli yem əlavələri heyvanların bağırsaqlarında mikroflora balansını tənzimləməklə, həzm traktında liflərin parçalanmasını və azotun mənimsənilməsini gücləndirir. Belə yem əlavələri rasionlara yem kütləsinin 5-25%-i nisbətində qatılır.

Tərkibində biostimulyatorlar ehtiva edən yem əlavələri də mövcuddur. Çəki artımı ilə yanaşı, xəstəliklərə qarşı profilaktik əhəmiyyət kəsb etdiyindən biostimulyator qismində antibiotiklərdən də istifadə olunur. Lakin antimikrob rezistentliyin yaranmasına səbəb olduğundan belə yem əlavələrinin heyvandarlıqda, o cümlədən quşçuluqda istifadəsi qida təhlükəsizliyi baxımından mənfi qiymətləndirilir. Bu səbəbdən, Avropa Birliyi ölkələrində bir sıra antibiotiklərin (avoparsin, monenzin, salinomisin, avilamisin, tilozin, spiramisin, basitrasin və s.) yemləmədə istifadəsi qadağan olunub. Boy stimulyatoru kimi antibiotiklərin alternativi olaraq probiotiklər, prebiotiklər, fitobiotiklər, fermentlər və digər bu kimi vasitələrə üstünlük verilir ki, bu da ekoloji təmiz və təhlükəsiz heyvan mənşəli qida məhsullarının əldə olunmasına imkan verir.

AQTİ- Q. Cəlladov tərəfindən hazırlanıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar