Yanmış binadakı ailələrə pul ayrıldı - RƏSMİ
21.05.2015 592 0.0 0

Binada əsaslı təmir və yenidənqurma işlərinə başlamaq üçün 3 milyon manat ayrılıb

Nazirlər Kabineti Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 200/36 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğınla bağlı sərəncam verib.
 
Məlumata görə, sərəncamı baş nazirinin müavini, Dövlət Komissiyasının sədri Abid Şərifov imzalayıb.
 
Sərəncam Nazirlər Kabinetinin 2003-cü il 2 iyun tarixli 74 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitindən istifadə Qaydaları”na əsasən Bakı Şəhər İcra Hakimiyyətinin Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifi nəzərə alınaraq verilib. Sərəncama əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 19 may tarixli 1229 nömrəli Sərəncamının 2-ci hissəsinin icrası ilə əlaqədar Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 200/36 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın hadisəsi nəticəsində həlak olmuş 15 sakinin hər birinin ailəsinə 15 min manat, bina sakini olan 56 ailənin hər birinə yanğın nəticəsində zərər dəymiş əmlakına görə ilkin olaraq 20 min manat məbləğində dövlət vəsaiti hesabına birdəfəlik maddi yardım müəyyən edilib.
 
Çoxmərtəbəli yaşayış binasında əsaslı təmir və yenidənqurma işlərinə başlamaq üçün 3 milyon manat vəsait ayrılıb. Bu məsələlərin və binanın sakinlərinə kirayə pulu ödənilməsi üçün Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin Ehtiyat Fondundan Bakı şəhər İcra Hakimiyyətinə cəmi 5 milyon manat məbləğində vəsait ayrılıb.
 
Maliyyə Nazirliyinə tapşırılıb ki, bu vəsaitin müəyyən olunmuş qaydada ödənilməsini təmin etsin. Yerinə yetiriləcək işlərin təxirə salınmadan icrasının vacibliyini nəzərə alaraq, müstəsna hal kimi, çoxmərtəbəli yaşayış binasında əsaslı təmir və yenidənqurma işlərinə başlamaq üçün göstərilən işlərin birbaşa müqavilələrlə yerinə yetirilməsinə icazə veriləcək./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar