Valeh Ələsgərov: «Ermənistan mətbuatının yalanları heyrət doğurur»
06.05.2015 622 0.0 0

“Ermənistan mətbuatının həyasızlıq və geniş ictimaiyyətə hörmətsizlik nümayiş etdirməsi, öz oxucularına yalan informasiya verməsi həqiqətən heyrət doğurur. Bunu ancaq onların xəstə millətçilik təfəkkürü və utopik “Böyük Ermənistan” xülyası ilə izah etmək olar”. 
 
Məlumata görə, bu sözləri işğal olunmuş Dağlıq Qarabağda keçirilən “parlament seçkiləri” ilə bağlı Ermənistan mətbuatında yer alan xəbərlərə münasibət bildirən Milli Məclis sədrinin müavini Valeh Ələsgərov deyib.
 
V. Ələsgərov bildirib ki, Ermənistanın bəzi mətbu orqanlarında “Amerika missiyasının müşahidəçisi” deyə təqdim olunan Adris Borgeasın bəyanatından sitatlar gətirilir: “Bu, hansı Amerikadır? Amerika Birləşmiş Ştatları, yoxsa, şimalda Alyaska və Nyu Faundlend sahillərindən cənubda Qorn burnunadək olan Amerika? Sonrası isə daha maraqlıdır. ABŞ-ın “seçkiləri” tanımaması ilə bağlı bəyanatını şərh edən bu “Amerika missiyası”nın nümayəndəsi özünə rəva bilir ki, ABŞ-ın bu mövqeyi ilə razılaşmasın. Cəfəngiyatdan başqa bir şey deyil, elə deyilmi? Aydındır ki, aidiyyəti dövlət orqanları tərəfindən rəsmi səlahiyyət verilmiş heç bir “Amerika missiyası” yoxdur. Əvəzində isə ermənipərəst qüvvələr tərəfindən “şirnikləndirilmiş” müəyyən şəxslərin bəyanatları var”.
 
V. Ələsgərov bildirib ki, eyni fikirləri “Rusiya müşahidəçilər missiyası” haqqında da demək olar: “Ermənistan mətbuatı “Avropa Parlamentinin deputatlarından ibarət beynəlxalq müşahidəçilər missiyası”nın başçısı kimi təqdim etdiyi Frank Engelin çıxışlarına və bəyanatlarına da xüsusi yer ayırır. Bu, az məlumatlı  auditoriyaya hesablanmış növbəti bir uydurmadır. Əslində isə Avropa Parlamenti və onun rəhbərliyi Dağlıq Qarabağda “parlament seçkiləri”nə müşahidəçilər missiyası göndərməyib və Avropa Parlamentinin deputatlarından heç birinə bu “seçkilər”də adı çəkilən qurumu təmsil etmək hüququ verməyib. “Erməni sevgisi”nə baxmayaraq, Frank Engel yaxşı başa düşür ki, o, Avropa Parlamentinin adından danışarsa, təşkilata qayıtdıqdan sonra onu nələr gözləyə bilər. Dünya artıq bölgə həqiqətlərindən xəbərdardır. Nəyin doğru, nəyin yalan olduğunu hamı, o cümlədən dünyanın böyük dövlətlərinin siyasətçiləri yaxşı bilirlər. İnanıram ki, haqq, ədalət gec-tez zəfər çalacaq və Qafqazın bu bölgəsində sülh, əmin-amanlıq bərpa olunacaqdır.”/apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar