Tarix: 06.12.2016,   Saat: 12:14, Çərşənbə axşamı.          

Ukraynada 5 azərbaycanlı iş adamı oğurlanıb

Ukraynada daha 5 azərbaycanlı iş adamı naməlum şəxslər tərəfindən qaçırılaraq girov götürülüb. Sonradan iki nəfər pul müqabilində buraxılıb.

 

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresindən (BUAK) verilən məlumata görə, girovluqda qalan iş adamları qurumun Kiyevdəki fəalları Sakit Hacıyev, Elvar İsgəndərov və Dnepropetrovskdə yaşayan diaspor fəalı, iş adamı Vitali Şirinovdur.

 

Ukraynada yaşayan azərbaycanlıların narahatlığı nəzərə alınaraq BUAK Kiyevdə təcili toplantı keçirib. Tədbirdə son 2 ildə Ukraynada azərbaycanlıların mütəmadi oğurlanması, qətli və obyektlərinə hücumların kütləvi hal almasının ciddi narahatlıq doğurduğu vurğulanıb. Qeyd olunub ki, son vaxtlar ölkənin müxtəlif şəhərlərində 12 azərbaycanlı iş adamına məxsus böyük restoranlar hücuma məruz qalaraq yandırılıb, 6 bahalı avtomobil qaçırılıb. Ukraynada yaşayan azərbaycanlılar bununla bağlı ölkənin Daxili İşlər Nazirliyinin binası qarşısında kütləvi etiraz aksiyası keçirməyi qərara alıblar. Sentyabrın 14-də saat 12-dən 13-dək keçiriləcək aksiyada Ukraynanın əksər şəhərlərdən azərbaycanlıların iştirak edəcəyi gözlənilir.

 

Tədbirdə Konqresinin Ali Məclisinin sədri Akif Gülməmmədov bildirib ki, artıq son 2 ildə Ukraynada 20-dən çox azərbaycanlının oğurlanması, qətli və azərbaycanlı iş adamlarının obyektlərinə hücumların kütləvi hal almasının ciddi narahatlıq doğurur. O, 2014-cü ilin may ayında Konqresin sədri, Ukrayna Millətlər Assambleyasının rəhbəri Rövşən Tağıyevə qarşı sui-qəsdi, Kremençuq şəhərinin azərbaycanlı meri Oleq Babayevin öldürülməsini və digər mətbuata məlum baş verən cinayətləri sadalayaraq yeni faktları açıqlayıb: “Kiyevdə iş adamı Xıdır Məmmədov evinə gedərkən naməlum şəxslər tərəfindən oğurlanaraq müqabilində pul alınmaqla buraxılıb. Xersonda Ələkbərov Təbriz adlı azərbaycanlı iş adamı oğurlanaraq eyni qaydada buraxılıb. Ukraynadakı diaspor fəallarına qarşı təhdidlər var. Diaspor hərəkatına maliyyə dəstəyi verən soydaşlarımız hədəfə götürülüb. Son 2 ildə Kiyev, Odessa, Donetsk, Dnepropetrovsk və digər şəhərlərdə bir-birinin ardınca azərbaycanlı iş adamlarına məxsus 12 restoran yandırılıb. Ukraynanın əksər şəhərlərində azərbaycanlı iş adamlarına qarşı inzibati qaydada əsassız təzyiqlər edilir. Buna görə Azərbaycan diasporuna maddi dəstək verən soydaşlarımızın əksəriyyəti müflis olub”.

 

A. Gülməmmədov həmçinin qeyd edib ki, Ukraynanın sərhəd-keçid məntəqələrində azərbaycanlılardan əsassız viza tələb olunması halları var.

 

Tədbirdə Ukraynanın xalq artisti Qurban Abbasov, fəallar və digərləri çıxış ediblər. Soydaşlarımız Azərbaycanın Kiyevdəki səfirliyinin konsulluq məsələləri üzrə katibi Abbas Mustafayevin biganə münasibətindən gileyləniblər. Məsələ ilə bağlı A. Mustafayevdən münasibət öyrənməyə çalışsaq da, bu, mümkün olmayıb./apa/



  Bölmə: Manşet | Baxış sayı: 512 | Tarix: 11.09.2016, 21:48


Xəbərlər