Türkiyə böyük fəlakət dövrünə girir
17.08.2015 848 0.0 0

ABŞ və Almaniya Türkiyədən “Patriot” havadan müdafiə sistemlərini çıxarmaq qərarına gəliblər.

Məlumata görə, bu ilin sonuna kimi “Patriot”ların missiyasının mandatı başa çatır və qərb ölkələri mandatı uzatmaq fikrində deyillər. Düzdür, ABŞ rəhbərliyi lazım olarsa, “Patriot”ları bir həftə ərzində Türkiyəyə geri qaytara biləcəyini vurğulayır, amma missiyasının mandatı yanvarda bitən Almaniya bunu heç cür edə bilməyəcəyini deyir. “Reuters” agentliyi ehtimal edir ki, hər iki ölkə bölgədəki təhlükələri əvvəlcədən qiymətləndirərək Suriya ərazisindən Türkiyəyə böyük hücum ola biləcəyini proqnozlaşdırıblar.


“Patriot” havadan müdafiə sistemi

 

“Patriot” sistemləri Türkiyəyə 2013-cü ildə ABŞ, Almaniya və Niderland tərəfindən yerləşdirilib. Sistemlərin yerləşdirilməsində əsas məqsəd sözügedən ölkələrin NATO üzrə müttəfiqləri olan Türkiyənin Suriya ərazisindən gələ biləcək istənilən raket zərbəsindən qorumaqdır. Göründüyü kimi, müttəfiqləri ən çətin məqamda Türkiyəni tərk edərək yalnız buraxırlar.

Hazırda Türkiyənin ən çətin məqamlarıdır. Regiona səfər etmiş azərbaycanlı jurnalist Eynulla Fətullayev ANS-ə müsahibəsində Türkiyənin Suriya və İraq sərhədlərini 1988-ci ilin Qarabağ bölgəsinə bənzədib. Onun sözlərinə görə, İŞİD və PKK-nın Türkiyə silahlı qüvvələrinə hücumları getdikcə artmaqdadır: “Zərbələr eyni istiqamətdən gəlir. İki terror qruplaşması arasında əlaqələndirmə olub-olmadığını deyə bilmərəm. Amma bu, belədir”,- deyən jurnalist hər iki terror qruplaşması arasında taktiki bağlılıq olduğunu bildirir. 

 


Eynulla Fətullayev - araşdırmaçı jurnalist 

 

İndiyə kimi PKK ilə İŞİD bir-birləri ilə döyüşürdü və Kobanidə gedən döyüşlər bu qarşıdurmanın bir epizodu idi. Amma iyul ayının sonlarından Türkiyə silahlı qüvvələrinin eyni zamanda hər iki silahlı qruplaşmanı bombalaması onlar arasında əməkdaşlığa səbəb olub. Belə olan şəraitdə, Türkiyənin vəziyyəti həddindən çətinləşir və NATO blokundan olan tərəfdaşlarının onu meydanda tək qoyması problemi daha da ağırlaşdırır. 

Politoloq Fikrət Sadıqov Qərbin bu addımını Türkiyəni cəzalandırmaq kimi qiymətləndirib. “Son illər Türkiyə yetərincə müstəqil siyasət yürüdür. Bu isə Qərbi qıcıqlandırır. Buna görə də müxtəlif vasitələrlə Türkiyəni cəzalandırmağa çalışır. Vəziyyət doğrudan da çətindir. Türkiyə tarixinin ən çətin dövrlərindən birini yaşayır. Seçkilərdən sonra koalisiya hökumətinin qurula bilməməsi də vəziyyəti ağırlaşdırır. Bəlkə də, hökumət qurulduqdan sonra Türkiyə problemləri həll edə biləcək, çünki Türkiyənin çox güclü siyasi partiyaları və ordusu var”,- deyə Fikrət Sadıqov  bildirib.

 


Fikrət Sadıqov - politoloq

 

Uzun illər Türkiyədə yaşamış millət vəkili Fazil Mustafa isə  baş verən problemlərdə Türkiyənin hakim partiyası AKP-nin böyük günahı olduğunu vurğulayır: “Öz hakimiyyətini möhkəmləndirmək üçün kürd məsələsinin həlli adı altında PKK-nı müəyyən qədər loyallaşdıran Ərdoğan əslində problemi dərinləşdirib. Rəqib partiyalar MHP və CHP-nin zəiflədilməsi üçün PKK-nın siyasi qanadı HDP-nin AKP tərəfindən gücləndirilməsi də vəziyyəti gərginləşdirib. Yeni qurulacaq hökumət hakim partiyanın bu səhvlərini təcili düzəltməlidir”. 

 


Fazil Mustafa - millət vəkili

 

Millət vəkili bu məsələdə haqlıdır. Hakim partiya AKP-yə birbaşa tabe olan valilər bəzi regionlarda pasport qeydiyyatına “düzəliş” etməklə seçkilərdə MHP və CHP-ni uduzdurmaqla seçkini HDP-in xeyrinə dəyişiblər. Buna Azərbaycan türklərinin əhalinin 70 faizini təşkil etdiyi İqdırda və 80 faizini təşkil etdiyi Qarsda seçkilərdə HDP-nin qələbəsinin misalında göstərmək olar. Adi halda bu regionlarda kürdləri görmək olmur, amma seçki zamanı məlum olur ki, Türkiyənin cənub-şərqinin kürd vilayətlərində yaşayan çox sayda adam İqdırda və Qarsda qeydiyyatda imiş. Yerli əhali onları yalnız seçkilərdə görürlər. Bu isə tarixən azərbaycanlılar yaşamış həmin bölgələrdə ermənipərəst solçu HDP-nin möhkəmlənməsi ilə nəticələnib. AKP əsas rəqiblərini zəiflətmək üçün Türkiyənin bir çox yerlərində bu cür yanlış siyasət yürüdüb. 

“Rəcəb Tayyib Ərdoğan partiya maraqlarını milli maraqlardan üstün tutmaq siyasətindən əl çəkməlidir. Onda Türkiyədə vəziyyəti düzəldə bilər”, - deyə Fazil Mustafa vurğulayır./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar