Torpaqların elektron kadastr uçotu zamanı peyk məlumatlarından istifadə olunacaq
21.02.2017 821 0.0 0

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) Azərbaycanda torpaqların elektron uçotu və kadastr sisteminin qurulması sahəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə əməkdaşlığa başlayıb.
 
Məlumata görə, Azərbaycanda torpaqların elektron kadastr uçotu və rəqəmsal kadastr xəritələrinin yaradılmasında ölkəmizin kosmik imkanlarından - süni peyklərinin məlumatlarından da istifadə olunacaq.
 
Azərbaycan prezidenti İlham Əliyevin bununla bağlı fərman və tapşırıqlarında torpaq uçotu işlərində müasir avadanlıqlardan istifadə və "Azərkosmos" ASC ilə əməkdaşlıq da xüsusi vurğulanır. Bu tapşırıqların icrasına uyun olaraq komitə artıq "Azərkosmos" ASC ilə birgə əməkdaşlığa başlayıb.
 
Bu məqsədlə bu gün "Azərbaycanda torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasında Kosmik Müşahidə peyk xidmətlərindən istifadə" edilməsinə həsr edilmiş İctimai Təqdimat keçirilib.
 
Tədbirdə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti (DƏKÜRX) və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan “Azərkosmos” ASC arasında Kosmik Məsafədən Müşahidə peyk xidmətləri sahəsində Anlaşma Memorandumu imzalanıb.

Memoranduma əsasən, iki qurum arasında əməkdaşlıq torpaqların elektron kadastr uçotu məlumatlarının, habelə torpaq sahələrinin və yaşayış məntəqələrinin  Elektron Kadastr Məlumat bazasının periodik yenilənməsi üçün ortofotoplanların hazırlanması, torpaqların təyinatı üzrə istifadəsinə nəzarətin həyata keçirilməsi sahələrini əhatə edəcək. Eləcə də, kəmiyyət və keyfiyyət göstəricilərində baş vermiş dəyişikliklərin tədqiqi üzrə monitorinqlərin aparılması, torpaq ehtiyatlarının mühafizəsi, torpaqların  eroziyasının və səhralaşmanın analizi (spektral analizlər) məqsədi ilə kosmik təsvirlərdən istifadə olunacaq.
 
Xatırladaq ki, Əmlak Məsələləri Dövlət Komitəsi ölkədə Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminin yaradılması və rəqəmsal kadastr xəritələrinin tərtibi ilə bağlı işlər aparır. Bu tədbirlər Azərbaycan Respublikası Prezidentinin torpaqların elektron uçotunun aparılması və rəqəmsal kadastr xəritələrinin hazırlanması ilə bağlı tapşırıqlarına və 7 mart 2016-cı il tarixli Fərmanına əsasən həyata keçirilir. Bu işlər çərçivəsində artıq Bakı, Sumqayıt, Gəncə şəhərlərinin, 12 rayonun torpaqlarının uçotu işi yekunlaşıb, bu torpaqlar üzərindəki daşınmaz əmlaklar barəsində müfəssəl baza yaradılıb. Layihə çərçivəsində həmçinin pay torpaqları ilə bağlı uyğunsuzluqlar aradan qaldırılır. Uçot işinin ölkə üzrə 2019-cu ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur.
Memorandumun imzalanması çərçivəsində Əmlak Məsələləri Dövlət Komitəsi yanında  Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəisi Ramiz Quliyev və "Azərkosmos" ASC-nin sədri Rəşad Nəbiyev hər iki təşkilatda torpaq fondunun öyrənilməsi ilə bağlı icra olunan layihələr barədə təqdimat ediblər.
 
Ramiz Quliyev çıxışında torpaqların uçot sisteminin və elektron kadastrın tərtibinin əmlak sahibləri və dövlət orqanları üçün vacibliyini, eləcə də bu sahədə dəqiq məlumatların mühüm əhəmiyyət daşıdığını bildirib.
 
Qeyd edilib ki, zaman keçdikcə torpaqların və onlar üzərindəki daşınmaz əmlakların göstəricilərində baş verən dəyişikliklərin vaxtında aşkara çıxarılması, qiymətləndirilməsi məqsədi ilə ölkənin torpaq fondunun vəziyyəti müntəzəm müşahidə olunmalıdır. Xidmət rəhbəri bildirib ki, "Azərkosmos" ilə bağlanmış saziş və bu saziş çərçivəsində əməkdaşlıq tələb oluna yüksək dəqiqliyi və işlərin keyfiyyətli yerinə yetirilməsini təmin edəcək.
 
Bildirilib ki, torpaqların elektron uçotu və kadastrının tərtibi ilə bağlı iki qurum arasında əməkdaşlıq hələ ötən ildən başlanıb. 2016-cı ildə Sumqayıt şəhərinin kadastr məlumatlarının yenilənməsi işlərində “Azərkosmos” ƏMDK-ə stereo təsvirlər təqdim edib. Bu təsvirlərə istinadən qısa müddətdə yeni tikililər və digər dəyişikliklər təsbit olunaraq vektorlaşdırılıb, çöl işləri yerinə yetirilib və əldə olunan məlumatlar Elektron Kadastr Uçotu İnformasiya Sisteminin yenilənməsi üçün istifadə olunub.
 
Hazırda, digər ərazilərin torpaq sahələrinin və yaşayış məntəqələrinin  Elektron Kadastr Məlumatları bazasının yığılması və yenilənməsi üçün ortofotoplanların hazırlanması, torpaqları  təyinatı üzrə istifadəsinə nəzarətin həyata keçirilməsi, kəmiyyət və keyfiyyət göstəricilərində baş vermiş dəyişikliklərin tədqiqi üzrə monitorinqlərin  aparılması, eləcə də torpaq  ehtiyatlarının  mühafizəsi, torpaqların eroziyasınin və  səhralaşmanın analizi  (spektral analizlər) məqsədi ilə kosmik təsvirlərdən istifadə edilməsinə dair Əmlak Məsələləri Dövlət Komitəsi və Azərkosmos arasında təkliflər planı hazırlanır./APA/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar