Suriyadan qayıdan Həmidovanın qandonduran hekayəsi - Şok
20.08.2015 2112 0.0 0

Məni ərimlə qonşularımız tanış etmişdilər. Onlar demişdilər ki, yaxşı oğlandır, özünə nişanlı axtarır. Biz görüşdük, bir-birimizi bəyəndik və evləndik. Mən üç il ibtidai təhsil almışam. Çətinlinklə yazıb-oxuyuram. Atam əlil, anamsa evdar qadındır.
 
Məlumata görə, bu sözləri tacikistanlı qadın Camolbi Həmidova BBC-nin rus bürosunun əməkdaşı ilə söhbətində deyib.
 
Onun 30 yaşı var. Suriyada bir ilə yaxın yaşayıb. Əri Şərif Həmidov döyüşlərdə öldürülüb.
 
“Bir dəfə ərimlə televizora baxanda Suriyadakı hərbi əməliyyatlar barədə reportajı gördük. Və birdən Şərif dedi ki, ora gedib döyüşmək istəyir. Mən onun bu sözlərindən çaşıb qalmışdım. Biz mübahisə etdik. Evim, uşaqlarım, böyük və mehriban bir ailə barədə xəyallar edirdim.
 
Şərif mənə dedi ki, Türkiyəyə pul qazanmağa gedir. Beləcə, məni fakt qarşısında qoydu.
 
Mən bir ay onun dostunun evində yaşadım. Sonra isə zəng edib dedi ki, İstanbulda iş tapıb və mən də ora gəlməliyəm”.
 
Onun sözlərinə görə, İstanbul çox xoşuna gəlib: “Hara gedirik, harada yaşayacağıq kimi suallarıma Şərif cavab vermirdi. Bir sutka yol getdik. Nəhayət bir yerə çatıb başqa maşına mindik.
 
Bir neçə saatdan sonra maşın bizi səhra kimi bir yerə gətirdi. Burada ərim mənə dedi ki, düşüb var gücümüzlə qaçmalıyıq. Hara? Niyə? Şərif isə deyirdi ki, sual vaxtı deyil, sadəcə olaraq qaçmaq lazımdır.
 
Maşında dörd nəfər idik. Burada bir rus qızı da vardı. O da Suriyaya gedirdi. Ramazan ayı idi, ona görə də çox gücümüz qalmamışdı. Mən ac və yorğun idim. Ərim etiraf etdi ki, biz Suriyadayıq və belə xoşbəxtlik hər adama qismət olmur. Ona deyirdim ki, bu düzgün iş deyil, məni aldatmısan”.
 
Tacik qadın deyib ki, ərini demək olar ki, görmürdü: “Mən bu evdə başqa qadınlarla birlikdə yaşayırdım. Orada ərəb, özbək, rus, çeçen qadınlar vardı. Ərim həftədə bir dəfə, bəzən isə iki həftədə bir dəfə gəlirdi. Özü ilə kartof, makaron gətirirdi.
 
Çoxlu hamilə və uşaqlı qadınlar vardı. Hər dəfə yaşadığımız məntəqələr aviasiya reydlərinə düşəndə bir otağa yığılırdıq. Bir-birimizə qısılıb ağlayırdıq. Uşaqlar ağlayır, bizsə sağ qalmaq üçün dualar edirdik. Evdən çıxmaq olmazdı.
 
Dərman və ərzaq gətirənsə yox idi. Ac qalırdıq. Qadınlara öz otaqlarından çıxmaq qadağan olunmuşdu. Yalnız çox zəruri olanda çıxırdıq, onda da əlcək və niqab geyinmək lazım gəlirdi. Danışmaq, gülmək və gəzişmək qadağan idi. Nə elektrik, nə sərinkeş, nə də su vardı.
 
Kişilər bizimlə qaba rəftar edirdi. Üzümüzün açıq qalmasına görə döyülə bilərdik. Amma belə istidə üzü örtən torun arxasından nəfəs almaq da olmurdu.
Əyinimizdəki bütün paltarlar sintetik idi. Tualet-hamam küçədəydi. Biz tez tualetə qaçıb, tez də evə qayırdırdıq. Kişilərin gözünə sataşmaqdan qorxurduq”.
 
Sonra Şərif Suriyaya gəlməyinə peşman olub: “Onun bədənində şişkinlik əmələ gəlmişdi. Yaraları qan verirdi. Gecələr ağrıdan yata bilmirdi. O and içib deyirdi ki, onu aldadıblar.
 
Ona başqa təkliflər də olubmuş. Amma bu başqa təkliflərin nə olduğunu heç vaxt deməmişdi. Mən bilirdim ki, ona hər ay yüz dollar verirdilər və o pulla ev üçün ərzaq alırdı. Lakin o yaralı olanda bizə heç kəs kömək etmədi”.
 
Sonra ərəblər gəlib onu apardılar. Zorla. O heç tərpənə bilmirdi. Biz vidalaşdıq. Ürəyimə dammışdı ki, onu sonuncu dəfə görürəm. O da dedi ki, çətin bu dəfə qayıda bilsin. O deyirdi ki, hər şeyə görə peşmandır, lakin artıq geriyə yol yoxdur. Mənə xoşbəxtlik arzuladı”.
 
Sonra qadına ərinin öldüyünü təsdiqləyən fotolar göstərilib:
 
“Mənə qalmağı tövsiyə etdilər və ikinci dəfə ərə verdilər. Fikrimi soruşan olmadı. Sadəcə olaraq bir kişini gətirib oturtdular və bizə kəbin kəsdilər. Mənim təzə ərim dağıstanlı idi.
 
Təzə ərimlə bir ay birgə yaşadıq. Rusca danışırdıq. Bu tam bir dəhşət idi. Sən tamamilə asılısan, azadlığın yoxdur. Döyə, sata, zorlaya, öldürə bilərlər. Əri ölən uşaqlı qadınları təkrar ərə verirdilər”.
 
Həmidova bir türk və çeçen qadınla birlikdə yerli sakinlərin köməyi ilə Suriyadan qaçıb:
 
“Bu dəfə sərhədi dəmir torla hasarlanmış gördük. Gündüz oradan keçə bilmədik. Sərhədçilər bizi atəşə tuturdular. Bir gecə ərəblər bizə hasardakı iri dəliyi göstərdilər. Biz o dəlikdən sərhədi keçdik.
 
Səhərə az qalmış maşınların dayandığı yerə çatdıq və bizi İstanbula apardılar. Məndə ərimdən qalan bir az pul var idi. İstanbulda məni polis saxladı. Üstümdə sənədlər vardı, lakin vizanın vaxtı ötmüşdü.
 
Mən polis məntəqəsində hər şeyi izah etdim və məni miqrantlar üçün mərkəzə yerləşdirdilər. Türkiyə mənə Düşənbəyə uçmaq üçün bilet aldı”./axar.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar