Süni intellekt insanları işindən məhrum edəcəkmi?
07.11.2019 523 0.0 0

Süni intellekt insanları işdən məhrum etməyəcək, ancaq yeni iş yerləri yaradacaq. Bunlar indiyəcən mövcud olmayan peşələrdir. İnsanların süni intellektdən qorxmasının səbəbi KİV-lərin yaydığı əfsanələrdir. Lakin robot və kompüterlərin insan əməyini əvəz etdiyi sahələrdə canlı kadrlar müəyyən qədər dəyərini itirə bilər.

"Accenture"in tədqiqatı göstərir ki, süni intellektin şirkətin praktikasına tətbiqi əmək məhsuldarlığını və biznesin gəlirliliyini 40% artıra bilər. Bir sıra təkrarlanan işlər var ki, süni intellekt bunları öz öhdəsinə götürəcək və nəticədə bəzi peşələr yox olacaq. Lakin əvəzində yüksək texnologiyalarla bağlı yeni sənət sahələri yaranacaq.

Texnoloji inqilab sadəcə tələb edir ki, texniki peşələrə yiyələnmiş şəxslər nəzəri biliklərini təkmilləşdirsin. Süni intellektin geniş yayıldığı dövrdə də hər kəsə uyğun iş olacaq. Məsələn, onu öyrətmək üçün çox sayda müxtəlif şəkil və ya mətn işarələməliyik. Demək olar ki, hər kəs bu işi görə bilər. Bunu tələbələr və təqaüdçülər də bacarar.

Hələ 2017-ci ildə Gartner proqnozlaşdırırdı ki, 2020-ci iləcən süni intellekt bütün dünyada 1,8 milyon iş yerini avtomatlaşdıra biləcək. Bununla belə şirkətlərin praktikasına süni intellektin tətbiq edilməsi insanlar üçün 2,3 milyon yeni iş yeri aça bilər. Dramaturq və ssenaristlər robotların insanlarla dialoqunu təkmilləşdirmək üçün yaradıcı metodlar tapacaq və tətbiq edəcəklər. Yalnız mətnlə işləməyi bacaran kreativ insan inqilab boyunca süni intellektin "lüğət ehtiyatını" müşayiət edə bilər.

Süni intellekt beş günlük sıxıcı peşələri keçmişdə qoyaraq qarşımızda yeni üfüqlər açacaq. Empatiya üzrə mütəxəssisləri misal göstərmək olar. Artıq "Siri" və "Alexa" kimi söhbət proqramları insanların suallarına dərin anlayışla, hətta yumorla cavab verə bilir. Bu suallar baqajın itməsi, keyfiyyətsiz malın alınması, məişət texnikasının xarab olması ilə də bağlı ola bilər. Maşınlara empatiyanı öyrətmək lazımdır, çünki özü müstəqil şəkildə bunu mənimsəyə bilməz. İşlədikləri regionun və cəmiyyətin yerli xüsusiyyətlərini robotlara öyrətmək lazımdır.

Alqoritmlərin tərcümə mütəxəssisi başqa bir perspektivli peşədir. Sistem səhv edirsə, belə bir mütəxəssis buna səbəb olan alqoritmi təyin etməli və lazımi düzəlişlər etməlidir.

Süni intellekt sistemləri təhlükəsizliyi üzrə mütəxəssislər isə baş verə biləcək bütün mənfi halları təxmin edib bunun qarşısını alacaqlar.

Davamlılıq mütəxəssisi insanlar və cəmiyyət üçün etik normalardan kənara çıxmadan süni intellekt sistemlərinin düzgün işləməsini təmin etmək üçün çalışacaq.

"Genpact"ın araşdırması göstərib ki, texnoloji şirkətlərin top-menecerlərinin 88%-i belə hesab edir: Yaxın 3 ildə süni intellekt gündəlik həyatımıza daxil olacaq. Keçirilən sorğular göstərib ki, rəyi soruşulanların 41%-i süni intellektin onların gündəlik həyatlarının bəzi vacib cəhətlərini dəyişdirdiyini bildirib. 35%-i bu dəyişiklikləri müsbət qiymətləndirib. Yalnız 11% respondent süni intellektə qarşı mənfi köklənib./Milli.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar