Siyavuş Novruzov: «Yeraltı avtodayanacaqlarda qiymətlər yüksəkdir»
16.12.2016 950 0.0 0

Milli Məclisin bu gün keçirilən plenar iclasında Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov ölkədə parklanma sistemini və qiymətini tənqid edib.
 
Məlumata görə, deputat bildirib ki, son vaxtlar dövlət tərəfindən avtomobillər üçün çoxlu sayda yeraltı qarajlar tikilir: “Təkcə Bakının mərkəzində Azadlıq meydanında  Qış bulvarında, müxtəlif otellərin zirzəmisində avtomobillərin saxlanması üçün kifayət qədər yer var. Amma yeraltı avtodayanacaqların qiyməti yüksəkdir”.
 
Deputata əlavə edib ki, həmin dayanacaqlarda 1 saat avtomobil saxlamaq üçün 1 manat  qiymət qoyulub: “Belə olan halda, həmin ərazilərə yaxın idarələrdə çalışanlar orada maşın saxlamaq üçün həftədə 40 manat  ödəməlidir ki bu da ayda təxminən 200 manat edir. Avtomobilini yeraltı dayanacaqda saxlamaq istəyən şəxs məvacibinin bəlkə də 30-40 faizini verməlidir. Nəticədə həmin insanlar avtomobillərini ya qadağan olunan yerlərdə  saxlayır, ya da  başqa yollara əl atmağa məcbur olur. Sonda hökumət tərəfindən yüksək səviyyədə  tikilən, təhlükəsizlik sistemi ilə təmin olunan yerlərin boş qalmasına gətirib çıxarır. Ona görə də qiymətlər tənzimləməlidir. Tarif Şurası bu məsələyə də baxıb,  vahid qiymət müəyyənləşdirməlidir. Hansı obyektin müştərisi çoxdursa, saatı 2 manata, azdırsa, daha aşağı qiymətə xidmət göstərir. Kim haradan istəyir, oradan pul yığır. Bunun nə dövlətə xeyri var, nə də vətəndaşlara, əksinə problem yaradır. Vahid qiymətlə həm təhlükəsizlik təmin edilər, həm də dövlətə vergi verilər”.
 
Spiker Oqtay Əsədov onun sözlərini dəstəkləyərək bildirib ki, bu məsələ araşdırılmalıdır. O, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinə bununla bağlı göstəriş verib. /apa/


Digər xəbərlər:
Şərhlər
avatar