ŞEYXÜLİSLAM GÜRCÜSTANDA DİNDARLARLA GÖRÜŞDÜ.
31.08.2014 1296 0.0 0
 

“Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstandakı nümayəndəliyinin səlahiyyətlərini artıracağıq”.

 

Məlumata görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə bu gün Gürcüstanda yaşayan dindarlarla görüşündə bildirib.

 

Onun sözlərinə görə, Gürcüstanda İslam dini müsbət istiqamətdə inkişaf edir: "Məni maraqlandıran burada yaşayan azərbaycanlıların həyat şəraiti və azərbaycançılıq ideyalarını yaşatmalarıdır. Bizi İslam və Quran birləşdirir. Çox müsbət haldır ki, bu ölkədə bütün məzhəblərə hörmət var. Məzhəblər pislik üzərində qurulmamalıdır. Sizin əsas vəzifəniz bu torpağa bağlılığınızdır. İki günlük səfər çərçivəsində Gürcüstan prezidenti, baş naziri, parlament sədri ilə görüşlərimizdə azərbaycanlılarla bağlı söhbətlər etmişik. Hökumət rəhbərləri azərbaycanlılardan razılıq edirlər. Biz istərdik ki, siz dövlətin qayda və qanunlarına riayət edəsiniz. QMİ gələcəkdə Quran dərslərinin öyrədilməsinə və digər tədbirlərə kömək edəcək. Bu, həm mənim, həm də dövlətimizin istəyidir".

 

Akademik Vasif Məmmədəliyev və QMİ sədrinin müavini Hacı Salmanın çıxışlarından sonra QMİ-nin Gürcüstan nümayəndəliyinin rəhbəri Hacı Əli Əliyev Hacı Allahşükür Paşazadəyə azərbaycanlı din xadimləri ilə görüşə gəldiyi üçün minnətdarlığını bildirib.

 

Sonra Gürcüstan paytaxtındakı "Tiflis" restoranında Gürcüstanın bütün bölgələrindən gələn azərbaycanlı ictimaiyyət nümayəndələri və din adamları ilə daha geniş formatda görüş keçirilib. Tədbirdə çıxış edən Gürcüstan Azərbaycanlılarının Ağsaqqallar Şurasının sədri İshaq Novruzov, dindarlardan Mirhüseyn Əsədov, gürcü müsəlman din xadimi Kamal Tsetsxladze, xristian gürcülərin nümayəndəsi Malxaz Sonqulaşvili, sabiq deputat Hidayət Hüseynov, Gürcüstan parlamentinin deputatı Mahir Dərziyev Şeyxülislam Hacı Allahşükür Paşazadəni 65 illik yubileyi münasibətilə təbrik edib, ona xoş arzularını bildiriblər.

 

A.Paşazadə 65 illik yubileyinin Gürcüstanda qeyd olunması üçün dəvətə görə Gürcüstanın patriarx-katolikosu II İlyaya minnətdarlığını bildirib: "Mən 65 illik yubileyimi qeyd etməyə yox, sizi görməyə gəlmişəm. İki dövlət arasında və dövlət başçılarımız arasında olan dostluq və qardaşlıq münasibətləri məni sevindirir. Onlara bu münasibətlər üçün minnətdarlıq edir və həmişə dua edəcəyəm".

 

Bu gün Allahşükür Paşazadə Gürcüstandakı Azərbaycan səfirliyinin yeni binasına da baş çəkib. Səfir Azər Hüseyn QMİ sədrini səfirliyin binası ilə tanış edib.//APA


Teqlər:ŞEYXÜLİSLAM GÜRCÜSTANDA DİNDARLARLA

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar