Sel nəticəsində bağlanan Ələt-Astara yolu açılıb?
28.10.2016 622 0.0 0

Cəlilabadda su bəndinin aşması nəticəsində bağlanan Ələt-Astara magistral yolu açılıb.

 

Qazeta.info bildirir ki, bu barədə APA-ya Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon fövqəladə hallar komissiyasının sədri Vidadi Dövlətov məlumat verib. O bildirib ki, hazırda aidiyyəti qurumların nümayəndələri ərazidə fəaliyyətlərini davam etdirirlər.

 

Qeyd edək ki, dünən Ələt-Astara magistralının Cəlilabadın Alar kəndindən keçən hissəsini su basıb və yol bağlanıb. Ələt-Astara magistralı ilə hərəkət edən nəqliyyat vasitələri üçün rayonun Cəfərli kəndi ərazisindən alternativ yol açılıb. Rayon mərkəzindən keçən Mişarçay çayı üzərindəki sututarda suyun səviyyəsi maksimum həddə çatıb. Su axınını təmin edən alternativ kanal körpünün qarşısında qazıldığı üçün Petrovka adlanan yaşayış məntəqəsinin rayon mərkəzi ilə əlaqəsi tamam kəsilib.

 

Mişarçay çayının məcrasından çıxması səbəbindən bir sıra iaşə obyekti su altında qalıb.

 

Baş Dövlət Yol Polisi İdarəsinin yaydığı məlumata görə, Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonu ərazisindən keçən 127,2-ci km-də Alar qəsəbəsini sel sularının basması təhlükəsi yarandığından yolun hərəkət hissəsinin qazılmasına zərurət yaranıb.

 

Hər 2 istiqamətə gedən minik avtomobilləri Üçtəpə-Ocaqlı kənd yollarından keçməklə, hərəkətlərini davam etdirə bilir, lakin bütün növ yük avtomobillərinin qeyd olunan istiqamətlər üzrə hərəkəti müvəqqəti olaraq dayandırılıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar