Rusiyanın Patriarxının kitabı Azərbaycan dilində çapa verilib
20.02.2015 676 0.0 0

Qazeta.info Qafqaz Müsəlmanları İdarəsinə istinadla bildirir ki, Dövrümüzün  tanınmış dini liderlərindən biri – Moskva və Bütün Rusiyanın Patriarxı Zati-müqəddəsləri Kirillin “Azadlıq və məsuliyyət: harmoniya axtarışında. İnsan hüquqları və şəxsiyyətin ləyaqəti” kitabı Azərbaycan dilində nəşr edilib.

2008-ci ildə Moskva Patriarxlığının Xarici əlaqələr şöbəsinin nəşr etdirtdiyi  kitab Azərbaycan  dilinə tərcümə olunaraq 2012-ci ildə ilk dəfə Bakıda işıq üzü görüb. 
Qafqaz Müsəlmanları İdarəsinin sədri, MDB Dinlərarası Şurasının həmsədri, tarix elmləri doktoru, professor, Şeyxülislam Allahşükür Paşazadənin elmi redaktorluğu və ön sözü ilə nəşr edilən həmin kitabı oxucular maraqla qarşılayıb.  

Patriarx Kirill bu kitab üzərində yenidən işləyib, son illər Rusiyada və dünyanın müxtəlif ölkələrində etdiyi çıxışları, nüfuzlu mətbuat orqanlarında çap olunan məqalələrini də əlavə edərək 2014-cü ildə yenidən oxucuların müzakirəsinə verib.

Moskva və Bütün Rusiyanın Patriarxı Kirill ötən ilin sentyabrında özünün rəsmi iqamətgahında - Sveto-Danilov monastırında Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə ilə görüşərkən anadan olmasının 65 illik yubileyi münasibəti ilə və dinlərarası əməkdaşlıqdakı töhfəsinə görə onu I dərəcəli “Müqəddəs mömin Moskva knyazı Daniil” ordeni ilə  təltif edib. Həmin rəsmi qəbulda Patriarx Kirill “Azadlıq və məsuliyyət: harmoniya axtarışında. İnsan hüquqları və şəxsiyyətin ləyaqəti” kitabının 2014-cü ildə işıq üzü görən yenilənmiş nəşrinin ilk nüsxəsini Şeyxülislam həzrətlərinə bağışlayıb. Görüş zamanı Patriarx Kirill həzrətlərinin və Şeyxülislam Allahşükür Paşazadənin birgə təklifi və xeyir-duasından sonra  bu kitabın oxucu arealını genişləndirmək məqsədi ilə Azərbaycan dilinə tərcümə olunaraq çap edilməsi qərara alınıb. 

“Azadlıq və məsuliyyət: harmoniya axtarışında. İnsan hüquqları və şəxsiyyət ləyaqəti” kitabında qloballaşan dünyada azadlıq və məsuliyyət hisinin müəyyən olunması, dini dəyərlərin, insan hüquqlarının və ləyaqətinin qorunması ilə bağlı müəllifin düşüncələri təqdim olunur.

CBS mətbəəsində nəfis şəkildə çap edilən kitabı Qafqaz Müsəlmanları İdarəsinin Nəşriyyat şöbəsi nəşrə hazırlayıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar