Ruhani: Böyük xaos ola bilər (VİDEO)
07.05.2015 703 0.0 0

İran prezidenti Həsən Ruhaninin hakimiyyətə gəlişindən sonra bu ölkədə qadınların geyiminə qoyulan məhdudiyyətlərin yumşaldılması artıq ciddi dəyişikliklərlə nəticələnib. İran prezidentinin xüsusilə bu mövzuda son çıxışları və havaların istiləşməsi mühafizəkarlığı zəiflədib.

ANS-in Tehran bürosunun məlumatına görə, İranda havaların istiləşməsi ilə müsəlman qadınların geyim tərzi yenidən gündəmə gəlib. Qadınların baş örtüyünü düzgün qaydada geyinmələrini və əxlaqi normalara riayət etmələrini tələb edən qatı mühafizəkarlar prezident Həsən Ruhanini qadınların geyimi məsələsində tolerantlıq göstərməkdə ittiham edirlər.

Tehran küçələrində al-əlvan geyimli və baş örtüyünü yarımçıq bağlayan qadınlara getdikcə daha çox rast gəlmək olur. Amma xanımların küçədə bu şəkildə gəzməsi onlara heç də asan başa gəlmir. 

Sərbəstlik axtaran İran qadınları hər an “əxlaq polisi” adlanan və onların geyiminə nəzarət edən qurumun təzyiqinə məruz qala bilər.

Amma islahatçı kimi tanınan dövlət başçısı Həsən Ruhani qadınların geyiminə nəzarət üçün “əxlaq polisi”nin olması fikri ilə razılaşmır. 

Ruhani son günlər ərzində artıq ikinci dəfə bu haqda bəyanat verərək, İran polisinin islamın nəzarətçisi rolunu yerinə yetirməsinə qarşı fikirlər səsləndirib:

“Hamıya islam dinini izah etməyi tələb edə bilmərik. Bu böyük xaosa səbəb ola bilər. Tapancası və qandalı olan polis mühafizə üçün yaradılıb. Məgər onlara islamı izah etmək tapşırığı verə bilərik? Polis bəyəm dini məktəbdir? Hər kəs öz vəzifəsini yerinə yetirməlidir”.

Həsən Ruhaninin mövqeyi xüsusilə gənclər arasında rəğbətlə qarşılanıb.

“Bizim ailədə geyimi özümüz seçmişik. Yəni kimsə, bizə nə cür geyinməyi təyin etmir. Amma İran dini ölkə olduğu üçün ümumi məkanlarda gərək bəzi qaydalara əməl edəsən”, – deyə tələbə Şadi Pirhadi bildirib.

“İranda əksər qadınlar dükanlarda hicab üçün tünd rənglər alırlar ki, nəzərləri çox cəlb eləməsinlər. Amma hər kəs belə düşünmür". Satıçı Mənuçehr Sərxabi deyib ki, bəzi alıcılar var ki, onlar uzun paltarları sevmir və əlvan rənglərdən az miqdarda istifadə edirlər.

İranda “əxlaq polisi” kimi tanınan qurum 1979-cu ildən bəri fəaliyyət göstərir. 

İctimai yerlərdə qadınların geyim və davranışına nəzarət edən “əxlaq polisi” lazım gəldikdə onları həbs etmə səlahiyyətinə malikdir.

Son illər “əxlaq polisi” ilə qadınlar arasında tez-tez çəkişmələr yaranır./anspress/


 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar