Ərdoğan tarixi seçimə gedəcək?
08.06.2015 635 0.0 0

Türkiyə prezidenti Recep Təyyib Ərdoğanın Ədalət və İnkişaf Partiyası (AKP) son 13 il ərzində ilk dəfə parlamentdə çoxluq təşkil edən qüvvə statusundan məhrum ola bilər. 

AKP 40.82 faiz səslə 258, seçicilərin 24.99 faiz səsini alan CHP 132, MHP səslərin 16.35 faizinə sahiblənərək 80, HDP seçiciləri 13.11 faiz səsini alaraq 80 millət vəkili ilə Türkiyənin yeni hökumətində təmsil olunacaq.

Məlumata görə, bu nəticələr seçkilərdən sonra öz səlahiyyətlərini artırmaq üçün konstitusiyaya dəyişiklik etmək istəyən prezident Ərdoğan üçün böyük zərbədir. Çünki dəyişikliklər edə bilmək üçün onun partiyası parlamentdə daha çox təmsil olunmalı idi.

İlk dəfə 2003-cü ildə baş nazir postunu tutan prezident Erdoğan Türkiyənin prezident respublikasına çevrilməsi üçün konstitusiya dəyişikliyi edə bilmək üçün parlamentdə yerlərin üçdə ikisini əldə etmək niyyətində idi. İndi isə Ərdoğanın partiyası bu niyyətinə çata bilməyəcək.

Maraqllıdır ki, baş nazir Əhməd Davudoğlu, "Xalqın qərarı ən doğru olandır” deyərək, səsvermənin nəticəsini qəbul etdiyini bəyan edib. 

Əgər Ədalət və İnkişaf Partiyası öz millət vəkillərinin sayını 330-a çatdırsaydı, o zaman AKP konstitusiya üstünlüyü əldə edərək prezident statusunun dəyişdirilməsi barədə referendum elan edə bilərdi. Əgər 367 yer əldə edilsəydi, statusun dəyişdirilməsi adi parlament səsverməsi ilə həyata keçiriləcəkdi.

Türkiyədə koalisiya hökuməti yaradılmayacaq. Bu barədə Respublika Xalq Partiyasının (CHP) deputatı Haluk Koç deyib. O qeyd edib ki, partiya Türkiyənin Ədalət və İnkişaf Partiyası ilə koalisiya hökumətinin formalaşmasına razı deyil.

Xalq Demokratik Partiyası Ədalət və İnkişaf Partiyası ilə koalisiyanın mümkünlüyünü istisna edib. Bu kürd partiyasının rəhbəri Selahattin Demirtaş, “Bu seçkilər nəticəsində diktaturaya son qoyuldu” - deyə, seçkilərin prezident idarəetmə formasına son qoyduğunu bildirib.

Bu durum onu deməyə əsas verir ki, yaxın 3 ayda Türkiyədə yenidən seçki keçirilə bilər. 

Ölkə əhalisinin bir çoxu dəyişiklik istəyirdi və bu səsvermənin nəticələrində özünü büruzə verdi. Rəsmi olmayan məlumatlara seçkilərin nəticəsi belədir: 

Müqayisə üçün bildirək ki, 2011-ci ildə keçirilən bundan əvvəlki parlament seçkilərində AKP seçicilərin 49.95%, CHP 25.94%, MHP 12.98% səsini toplamışdı.

Həmin seçkidə HDP-lilərin təmsil olunduğu Sülh və Demokratiya Partiyasının (BDP) üzvləri seçkidə müstəqil namizəd kimi iştirak edərək parlamentə daxil olmuş və öz fraksiyalarını yaratmışdılar. 

Ötən seçkidə Türkiyə Böyük Mİllət Məclisinə 36 müstəqil millət vəkili daxil olsa da, son seçkidə müstəqil namizədlərin heç biri seçilə bilməyib./anspress/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar