Rəis müavini şəhid polislərimiz haqda yazdı
09.11.2016 796 0.0 0

Adını çəkmək istəmədiyim bir internet xəbər saytında  “Bərdədə polis rəisi şəhidlərimizin ruhuna hörmətsizlik etdi” sərlövhəli məlumatı oxuduqdan sonra, yadıma düşdü ki, təxminən üç ay əvvəl saytlardan birində də Abşerondan olan şəhid polisin ailəsinə istinadən “Atamın xatirə lövhəsini sökürlər...” başlıqlı bir yazı getmişdi. Mövzuları eyni olan hər iki yazıda əsassız olaraq iddia olunur ki, Abşeron və Bərdə Payon polis şöbələrinin həyətlərində şəhid polis  əməkdaşlarının xatirəsinə qoyulmuş büstlər guya həmin şöbələrin rəislərinin göstərişləri ilə götürülüb və bununla da şəhidlərimizə hörmətsizlik edilib. Ona görə də həm bu məsələlərə aydınlıq gətirmək, həm də şəhid və xidməti vəzifə borcunu yerinə yetirərkən həlak olmuş polis əməkdaşlarının adlarının əbədiləşdirilməsi sahəsində Daxili İşlər Nazirliyi tərəfindən mütəmadi olaraq həyata keçirilən tədbirlər, görülən işlər barədə ictimaiyyətə məlumat vermək qərarına gəldik.

 

Hamı yaxşı xatırlayır və həm də bilir ki, ölkəmizin hərbi təcavüzə məruz qaldığı, ərazi bütövlüyümüzün pozulduğu, silahlı qüvvələrimizin hələ yaranmadığı 1988-ci ildə azğın düşmənlə mübarizəyə ilk atılan məhz daxili işlər orqanlarında xidmət edən qəhrəman oğullarımız olub. Onların göstərdikləri şücaət və cəsarət sayəsində işğalçı layiq olduğu cavabı alıb. Torpaqlarımızın və orada yaşayan vətəndaşlarımızın müdafiəsi zamanı ön sıralarda döyüşən minə yaxın əməkdaşımız qəhrəmancasına həlak olaraq şəhidlik zirvəsinə  yüksəlib. Polis sıralarında xidmət edən övladlarımızın vətən və xalq qarşısındakı əvəzsiz xidmətləri bununla yekunlaşmır. Müstəqillik qazandıqdan sonra ölkədə ictimai qaydanın qorunması, ictimai təhlükəsizliyin təmin edilməsi zamanı cinayətkarlıqla mübarizədə xidməti vəzifələrini sonadək yerinə yetirən 100 nəfər polis əməkdaşı da qəhrəmancasına həlak olub. Dövlətimiz və qədirbilən xalqımız onların hər birinin ruhunun şad olması, adlarının əbədiləşdirilməsi, qəhrəmanlıqlarının gələcək nəsillərə çatdırılması üçün zəruri olan bütün tədbirləri görüb və bu işlər hazırda da davam etdirilir. 

 

Şəhid və xidməti vəzifə borcunu yerinə yetirərkən həlak olmuş polis əməkdaşlarının adlarının əbədiləşdirilməsi, onların ailə üzvlərinə  diqqət və qayğının göstərilməsi  Daxili İşlər Nazirliyi rəhbərliyinin də daimi diqqətində olan vacib məsələlərdən biridir. Bu istiqamətdə həyata keçirilən tədbirlərin daha da gücləndirilməsi və təkmilləşdirilməsi məqsədilə daxili işlər naziri, general-polkovnik cənab Ramil Usubovun imzaladığı əmr və göstərişlər əsasında DİO-nun bütün yerli orqan və hissələrində şəhid və xidməti vəzifə borcunu yerinə yetirərkən həlak olmuş polis əməkdaşlarının adları əbədiləşdirilib, onların ailə üzvlərinin müraciətlərinə, üzləşdikləri problemlərin həllinə diqqət daha da artırılıb. Son illər DİO-nun yerli  orqan və hissələrinin inzibati binalarında, həyətyanı sahələrində aparılan tikinti, yenidənqurma, təmir və abadlıq işləri, həmçinin də şəhid və xidməti vəzifə borcunu yerinə yetirərkən həlak olmuş əməkdaşların adlarının əbədiləşdirilməsi sahəsində görülən işlərin təkmilləşdirilməsi ilə əlaqədar DİN-in xüsusi göstərişi olub. 

 

Bütün orqan və hissələrə göndərilən bu sənədin tələbinə əsasən şəhid əməkdaşların vaxtı ilə xidmət etdikləri orqan və hissələrin həyətlərində qoyulmuş  büstləri onların ailə üzvləri və yerli icra hakimiyyətləri ilə razılaşdırıldıqdan sonra şəhər və rayon mərkəzlərinin parklarına, xiyabanlarına ümumi şəhidlər məzarlığına köçürülüb və bu iş hazırda da davam etdirilir. Belə bir qərarın verilməsinin çox böyük əhəmiyyəti və səmərəsi oldu. Polis idarəsinin və ya şöbəsinin qapalı həyətində qoyulmuş şəhid büstünü, abidəsini orada xidmət edən əməkdaşlardan başqa görən yox idi. Yəni, bu büstlər yerli sakinlərin əksəriyyəti, rayona, şəhərə gələn qonaq, əcnəbi turist üçün necə deyərlər, əlçatan, gözgörən yerdə deyildi.  İndi isə yerli sakinlərlə bərabər hər bir şəxs istədiyi vaxt şəhid polislərimizin büstlərini, abidələrini ziyarət edə bilir, onların qəhrəmanlığı barədə öz övladlarına, gənc nəsilə ətraflı məlumat vermək imkanı qazanıb.   

 

O ki, qaldı vaxtı ilə xidmət etdikləri orqan və hissələrdə onların xatirəsinin əbədiləşdirilməsinə, bu da nazirliyin rəhbərliyi tərəfindən verilmiş rəsmi göstərişlə tənzimlənib. Belə ki, cənab nazir R.Usubovun imzaladığı 24 avqust 2016-cı il tarixli göstərişə əsasən, şəhid və xidməti vəzifə borcunu yerinə yetirərkən həlak olmuş əməkdaşların xatirəsinin əbədilişdirilməsi məqsədi ilə DİO-nun yerli orqanlarının və nizami hissələrinin inzibati binalarında xüsusi guşələr yaradılmış və orada şəhidlik zirvəsinə ucalmış əməkdaşlara dair dizayn baxımından ən müasir tələblərə cavab verən böyük foto-stendlər və albom yerləşdirilib. Qəhrəmancasına həlak olmuş hər bir polis əməkdaşının keçdiyi xidməti və döyüş yolu barədə şəxsi heyətə, xüsusən gənc əməkdaşlara mütəmadi olaraq məlumatlar verilir. Bundan əlavə, şəhid və xidməti vəzifə borcunun icrası zamanı həyatlarını qurban vermiş əməkdaşların ailə üzvlərinin müraciətlərinə, qarşılaşdıqları problemlərin həllinə diqqət daha da artırılıb, onların qanunla müəyyən olunmuş sosial hüquqlarının qorunması daim nəzarətdə saxlanılır. 

 

Bu işlərdən xəbərsiz, məlumatsız olanların nə deməsindən və necə yazmasından asılı olmayaraq əminliklə demək olar ki, ümumən ölkəmizdə, o cümlədən Daxili İşlər Orqanlarında bütün şəhidlərimizin xatirəsinin həmişə əziz tutulması, onların adlarının əbədiləşdirilməsi, ailələrinə olan diqqət və qayğının rəhbərlik səviyyəsində daim nəzarətdə saxlanılması sübuta ehtiyacı olmayan danılmaz bir faktdır və bunu xalqımız yaxşı bilir. Ona görə də şəhidlərimizə, onların ailə üzvlərinə olan diqqət və qayğıdan danışarkən və ya yazarkən qələm əhli, xüsusən də mətbuat nümayəndələri olduqca ehtiyyatlı olmalıdır. Bu mövzuda ağızdan-ağıza eşitdikləri hər söz-söhbəti ictimailəşdirməzdən öncə mütləq qaydada bunu aidiyyatı dövlət qurumları ilə dəqiqləşdirməlidirlər. Çünki şəhid haqqında deyilən, yazılan hər bir qeyri-dəqiq, yanlış məlumat onun ruhuna hörmətsizliklə yanaşı, həm də şəhidin ailə üzvlərinin kövrək qəlblərini incidir.  /axar.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar