QHT sədrinin məhkəməsi başlayıb
06.09.2016 576 0.0 0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində soyuq silah gəzdirməkdə təqsirləndirilən “Yeni Sabah” Qeyri-Hökumət Təşkilatının sədri İlqar Əliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
 
Məlumata görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatlar dəqiqləşdirilib.
 
Məhkəmə prosesi sentyabrın 20-də davam etdiriləcək.
 
 
Ötən il Moskva-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı Əliyev İlqar Talışxan oğlu gömrük nəzarətindən keçərkən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən onun baqajına rentgen aparatı vasitəsi ilə baxış keçirilib və monitorda metal əşyaların təsvirləri əks olunduğuna görə təkrar yoxlama aparılıb.
 
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, yoxlama zamanı sərnişin İ. Əliyevə məxsus çamadanda olan şəxsi əşyaların arasından əvvəlcədən gömrük nəzarətinə təqdim olunmayan, elektron, kağız üzərində yazılı və ya şifahi formada bəyan edilməyən, metaldan hazırlanmış 7 ədəd müxtəlif ölçülü və formalı bıçaqlar, 1 ədəd  beşguşəli, itibucaqlı ulduz  formalı predmet, 1 ədəd kameralı qələm və 1 ədəd kameralı eynək aşkar olunaraq protokol əsasında götürülüb.
 
İ. Əliyev izahatında “Yeni Sabah” Qeyri-Hökumət Təşkilatının sədri olduğunu və həmin əşyaları Tailandın Pattaya şəhərində olarkən mağazadan aldığını bildirib.
 
Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə əsasən bıçaqlardan 5-i soyuq silah, 1 ədəd eynək və 1 ədəd qələm isə mövcud ola biləcək məlumatları izləmək, dinləmək, köçürmək, pozmaq, əlavə etmək kimi funksiyalara malikdir və onlar gizli yolla informasiya əldə etmək üçün nəzərdə tutulmuş əşyalar hesab olunub./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar