Qarabağda erməni müsəlmanlar
18.08.2015 905 0.0 0

Qum mədrəsəsinin məzunu Arsen Safaryanın İrəvan rəsmiləri tərəfindən “Ermənistan və Dağlıq Qarabağ müftisi” elan edilməsinin əsil məqsədi aydınlaşmağa başlayır. 

Məlumata görə, məsələni bu gün gündəmə gətirən “Armedia.am” saytı bununla da müsəlman ermənilərin mərkəzi Bakıda yerləşən Qafqaz Müsəlmanları İdarəsinin tabeçiliyindən çıxdığını söyləyir: “Erməni müftiliyinin yaradılması yetərincə doğru addımdır. Bu, Ermənistan və Dağlıq Qarabağ müsəlmanlarını Qafqaz Müsəlmanları İdarəsinin başçısı Şeyxülislam Allahşükür Paşazadəyə tabe olmaqdan azad edir”. 

Saytın iddiasına görə, erməni müftiliyi əsasən dünyada sayı 400 minə qədər çatan həmşinlərə rəhbərlik edəcək. Son zamanlar Türkiyədə və Ermənistanda erməni icmasının bəzi təmsilçiləri həmşinləri erməni saymağa başlayıblar. Buna əsas kimi Həmşin mahalında yaşayan bəzi ailələrin erməni dilini bilməsini göstərirlər. Bu iddialara görə, hətta Türkiyənin keçmiş baş naziri, Azərbaycanla müsbət əlaqələri olmuş Məsud Yılmaz da müsəlman ermənidir. Alimlər həmşinlərin erməni, gürcü, türk və ya yəhudi mənşəli olması barədə dəqiq fikirə gələ bilmirlər. Fakt budur ki, həmşinlərin çox az hissəsi ermənicə danışır, əksəriyyətinin ana dili isə türkcədir. Ermənilər erməni dilini bilən ailələri göstərərək, bir neçə ildir ki, həmşinlərin erməni olması barədə fəal təbliğata başlayıblar. Populyar erməni saytları, demək olar ki, hər gün müsəlman ermənilər barədə materiallar dərc edir, erməni toplumunu müsəlman ermənilərə qarşı tolerant olmağa çağırırlar. 

 


Məsud Yılmaz - Türkiyənin keçmiş baş naziri

 

Ermənilərin bu təbliğatı başlamaqda əsas məqsədləri artıq aydın olmağa başlayır. Onlar əslən Həmşin mahalından olan bu müsəlmanları erməni olmalarına inandırmaqla Dağlıq Qarabağa yerləşdirmək istəyirlər. Bu, Dağlıq Qarabağın getdikcə boşalan kəndlərini doldurmaq üçün düşünülən variantlardan biridir. Erməni mətbuatının yazdğından belə aydın olur ki, hazırda Dağlıq Qarabağda 60 minə yaxın adam qalıb ki, bunların əksəriyyəti yaşlı adamlardır. Halbuki, 1990-cı ildə Dağlıq Qarabağda 190 min adam yaşayırdı. Göründüyü kimi, işğaldan sonra regionu 110 mindən çox adam tərk edib. Ermənilər yaşlı adamların ölməsindən sonra bu kəndlərdə heç kimin qalmayacağından narahatdırlar. 

Buna görə də, Dağlıq Qarabağın məskunlaşdırılması üçün müxtəlif variantlara əl atırlar. Son variantlardan biri də Qırğızıstanda yaşayan həmşin icmasının Qarabağa köçürülməsi ilə bağlıdır. Bəzi iş adamları da bu məsələyə vəsait yatırmaq istəyirlər. Hazırda həbsdə olan erməni iş adamı Levon Ayrapetyan Qırğızıstana səfər edərək oradakı həmşin icması ilə görüşüb, onların rəhbəri Ruslan Qarabucaqoğlunu Qarabağa gətirib. İlkin mərhələdə Ağdərə rayonuna 200 həmşin ailəsinin köçürülməsi nəzərdə tutulur ki, Arsen Safaryanın erməni müftisi elan edilməsi də bu ailələri dini inanclarına heç bir çətinlik törədilməyəcəyinə inandırmaqla bağlıdır. 

 


Ruslan Qarabucaqoğlu - Qırğızıstanda yaşayan həmşin


Ermənilər bununla dünyadakı 400 min həmşinin bir qismini Dağlıq Qarabağa gətirmək istəyirlər. Böyük ehtimalla, onların sonradan xristianlaşdırılması üzrə də layihələri də var. Nümunə kimi Gürcüstanda acarların könüllü xristinalaşdırılmasını da örnək götürə bilərlər. Vaxtilə çoxu türkcə danışan müsəlman acarlar karyera inkişafını və s. nəzərdə tutaraq 1980-1990-cı illərdə könüllü gürcüləşdilər və xristianlaşdılar. 

Axıska türkləri cəmiyyətinin keçmiş sədri İbrahim Bürhanov ermənilərin bu istəklərinin uğursuz nəticələnəcəyini düşünür. “Birincisi, Qırğıstanda o qədər həmşin yoxdur. O vaxt Axıskadan türkləri sürgün edəndə, 700 həmşin bizimlə birlikdə Orta Asiyaya aparılıb. Hazırda həmşinlərin sayı 5 minə qədər artıb. Amma onların əksəriyyəti özünü türk sayır. Bəzi həmşinlər kasıblıq üzündə hansısa erməni iş adamının qılığına uyub, özünü erməni kimi qələmə verə bilər. Amma dindar müsəlman olan həmşinlər heç vaxt erməni felinə uymazlar”,- deyə Bürhanov  bildirib. 

Bürhanovun sözlərinə görə, azərbaycanlılar və Türkiyə türkləri kimi yarımköçəri qoyunçuluqla məşğul olan həmşinlər böyük ehtimalla türk mənşəlidirlər: “Bəzi həmşin ailələrin ermənicə danışması köç vaxtı yerləşdiyi kəndlərin dilini götürmələri ilə bağlı ola bilər. Amma Türkiyədə Nuray Yılmaz kimi həmşin müğənni var ki, həmişə Azərbaycan mahnısı oxuyur və özünü Azərbaycan türkü sayır”.

Axıska türkləri cəmiyyətinin indiki sədri İbrahim Məmmədov da ANS PRESS-in əməkdaşı ilə söhbətində məsələni diqqətdə saxladıqlarını bildirir: “Axıska türklərinin Qırğızıstanda cəmiyyəti var. Onlar həmşin icması ilə əlaqəyə girib vəziyyəti başa salacaqlar ki, erməni təbliğatına uymasınlar. Həqiqət budur ki, nə həmşinlər özlərini erməni saya bilərlər, nə də ermənilər onları cəmiyyətlərinə qəbul edə bilərlər. Ermənilər ortada aranı qarışdırmaqla məşğuldurlar”. /anspress/

 


İbrahim Geçim - Türkiyədə yaşayan həmşin ilahiyyatçı Quran dərsi keçir


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar