«Qafqaz İslam Ordusu-97» mövzusunda tədbir keçirilib
15.09.2015 473 0.0 0

Milli QHT Forumu (MQF), Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə Bakının erməni-bolşevik birləşmələrindən azad olunmasının 97-cı ildönümünə həsr olunmuş "Qafqaz İslam Ordusu-97" mövzusunda tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Mətbuat Şurasının sədri Əflatun Amaşov 97 il öncə baş verən tarixi proseslərdən, bu tarixin Azərbaycan üçün əhəmiyyətindən danışıb. O, bildirib ki, “Bakı azad olunmasaydı, Azərbaycan Xalq Cümhuriyyəti mövcud olmayacaqdı, ölkə işğalçılar tərəfindən bölüşdürüləcəkdi və ölkəmiz işğalşılar tərəfindən zəbt ediləcəkdi. Bakının azad olunması zamanı döyüşlərdə 1300 türk əsgəri həlak olub.” 

Qazeta.info-ya verilən məlumata görə ,  sonra çıxış edən ATXƏM-in sədri İlham İsmayılov 15 sentyabr tarixinin Azərbaycan xalqı üçün ictimai-siyasi əhəmiyyət kəsb etdiyini bildirib. O, həmçinin Bakının erməni-bolşevik birləşmələrindən azad olunması ilə bağlı baş verən mühüm hadisələrin ayrıca dərslik formasında nəşr edilməli olduğunu vurğulayıb. Tədbirdə çıxış edən "Azəri-Türk" Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı isə qeyd edib ki, Er\mənilər və ruslar Qafqazı türklərdən təmizləmək istəyirdi.  Buna görə də biz Osmanlını köməyə çağırmışıq və Nuru Paşanın rəhbərliyi altında Qafqaz-islam ordusu bizim köməyimizə yetişdi, bu bizim qurtuluşumuz oldu. 

Daha sonra MQF elm mərkəzinin rəhbəri, Tarix üzrə fəlsəfə doktoru Nüşabə Məmmədova "Qafqaz İslam Ordusu-97" mövzusunda məruzə ilə çıxış edib. Tədbirdə həmçinin Bakıda Nuru Paşanın xatirəsinə abidənin qoyulması təklifi də irəli sürülüb. Tədbirə yekun vuran MQF-nin prezidenti Rauf Zeyni bu kimi tədbirlərin maarifçilik nöqteyi nəzərdən çox mühüm əhəmiyyət kəsb etdiyini, gənc nəslin milli tariximizi xüsusilə müstəqillik tariximizi bilməsinin vacibliyini, QHT və medianın daim bu istiqamətdə sistemli və ardıcıl iş aparmalı olduğunu vurğulayıb.

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar