Putin Bakıya gəlir?
07.05.2016 1091 0.0 0


Rusiya prezidenti Vladimir Putin yaxın günlərdə Azərbaycana gələ bilər. ANS PRESS-in məlumatına görə, Rusiya hakimiyyətinə yaxın mənbədən haqqın.az-a bu barədə məluma verilib. Mənbənin bildirdiyinə görə, Rusiya prezidentinin təyyarəsinin Bakıya səfərə hazırlanması barədə göstəriş də verilib.

Kremlin mətbuat xidmətindən ANS PRESS-ə bu barədə məlumatsız olduqlarını desələr də ölkə rəhbərliyinə yaxınlığı ilə tanınan politoloq, Rusiya İctimai Palatasının üzvü Sergey Markov ANS PRESS-ə açıqlamasında səfəri istisna etməyib. 
O, səfərin baş tuta biləcəyini deyir. Həm də ancaq Bakıya yox, İrəvana da... "İndi buna dəqiq qərar vermək üçün müzakirələr aparılır".

     

      Sergey Markov - politoloq

Keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli də  açıqlamasında Putinin Azərbaycana gəlişinin gözlənilən olduğunu deyib. Onun sözlərinə görə, V.Putin Azərbaycana Dağlıq Qarabağ münaqişəsinin həlli - daha doğrusu, sülh danışıqları ilə bağlı gələ bilər. 


"Azərbaycan hərbi qüvvələrinin son günlər cəbhə xəttində, eləcə də Naxçıvanda təlimlər keçməsi Ermənistan xalqını təşvişə salıb. Biz aprel döyüşlərində öz hərbi texnikamızın nəyə qadir olduğunu onlara göstərdik. Həm də prezident özü də cəbhəyanı ərazilərə baş çəkərkən qeyd etdi ki, biz mütləq öz torpaqlarımızı geri alacağıq və bu, bu yaxınlarda olacaq. Ona görə həm Rusiya, həm də Ermənistan bundan narahatlıq keçirir. Çox güman ki, Putin ölkəmizə gələrək prezidentimizlə sülh danışıqları ilə bağlı müzakirələr aparacaq", - deyə politoloq Qabil Hüseynli bildirib.

Sabiq müşavirin sözlərinə görə, müzakirə mövzusu Dağlıq Qarabağ olsa da Vladimir Putin bunu ancaq Azərbaycanla müzakirə edəcək. O, İrəvana getməyəcək, amma ola bilsin ki, ora rəsmi nümayəndələrdən kimisə göndərsin.

 

   

Qabil Hüseynli - politoloq

Rusiya prezidenti Vladimir Putinin Azərbaycana son səfəri ötən ilin iyun ayına,  I Avropa Oyunlarının açılış mərasiminə təsadüf edir. O, burada prezident İlham Əliyevlə yanaşı, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxla da görüşüb.

Rusiya rəhbəri ölkəmizdə olarkən İlham Əliyevlə danışıqlar aparıb. Danışıqlar əvvəl təkbətək, daha sonra geniş tərkibdə aparılıb. Danışıqlarda ikitərəfli münasibətlər, Dağlıq Qarabağ məsələsi müzakirə olunub.  

 
Ümumiyyətlə aprel ayında Qarabağda baş verən dördgünlük döyüşlər barədə razılıq Moskvada əldə edilib. Cəbhədə baş verən gərginlikdən sonra Rusiyanın rəsmiləri bir-birinin ardınca regiona səfər ediblər. Belə ki, həm baş nazir Dmitri Medvedev, həm də xarici işlər naziri Sergey Lavrov cəbhə bölgəsindəki vəziyyəti müzakirə etmək üçün Bakı və İrəvanda olublar. Rusiyanın "İzvestiya" qəzetinin yazdığına görə, aprelin 22-də İrəvanda Sergey Lavrovla prezident Serj Sarkisyan arasında görüş çox gərgin keçib. 

Medvedev Dağlıq Qarabağ münaqişəsinin gərginləşməsi ilə əlaqədar aprelin 7-də İrəvana, 8-də isə Bakıya səfər edib. O, Ermənistan və Azərbaycan prezidentləri ilə görüşüb, danışıqlar aparıb. Əsas müzakirə mövzusu isə Dağlıq Qarabağ münaqişəsi olub. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar