Prokurorluq daha bir jurnalisti dindirəcək
01.10.2015 568 0.0 0

Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) əməkdaşı Tatyana Kryuçkina dindirilmək üçün Baş Prokurorluğa çağırılıb.

Məlumata görə, bu barədə o, öz "Facebook" səhifəsində paylaşıb.

Kryuçkina qeyd edib ki, o, oktyabr ayının 2-də saat 9.30-a Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsində olmalıdır. 

İnstitut əməkdaşı bildirib ki, indiyə qədər o, bir neçə dəfə Qeyri Hökümət Təşkilatlarının (QHT) işi ilə bağlı dindirilib. Sonuncu dəfə o bu məsələ ilə bağlı yanvar ayının axırlarında ifadə verib.

Üç gün əvvəl isə Baş Prokurorluq işçiləri "Azadlıq Radiosu"nun əməkdaşı, jurnalist İslam Şıxəlini dindirmişdilər.

Dindirilmədən sonra jurnalist bildirmişdi ki, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində ona "Meydan TV"nin işi ilə bağlı aparılan araşdırmalara görə suallar verilib.

 

İslam Şıxəlinin müsahibəsi


"Mənə "Meydan TV" ilə bağlı suallar verildi. Soruşdular ki, "Meydan TV"nin kiminlə əməkdaşlıq edib-etmədiyini bilirəmmi? Daha sonra "Azadlıq Radiosu", mənim bu radiodan məvacib alıb-almamağım, yaşadığım ünvanla bağlı suallar verdilər. Nəyə görə ailəmin yanında deyil, kirayədə yaşadığımı soruşdular. Qazancımı, necə dolandığım barədə də sual verdilər",- deyə İslam Şıxəli bildirmişdi.

 


Sentyabrın 26-da isə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi və Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları İslam Şıxəlinin kirayədə qaldığı mənzildə axtarış aparmışdılar.

Mənzilə baxış keçirmək üçün təqdim olunan məhkəmə qərarında axtarışın külli miqdarda maliyyə vəsaiti əldəetmə və vergidən yayınma ittihamları ilə bağlı olduğu göstərilmişdi./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar