Tarix: 03.12.2016,   Saat: 06:24, Şənbə.          

Polis ərazidən uzaqlaşan kimi dayanacaqlarda nə baş verir?

Azərbaycanda nəqliyyat sistemində mövcud problemlərdən biri taksilərin və şəxsi avtomobillərin avtobus dayanacaqlarında saxlamasıdır. Bu, sərnişinlərə və avtobusların hərəkətinə mane olur, süni sıxlığın yaranmasına gətirib çıxarır.

Mütəmadi olaraq bu cür hallarla bağlı yol polisi tərəfindən tədbirlər görülsə də, vəziyyəti köklü şəkildə dəyişmək mümkün olmayıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, avtomobillərin avtobus dayanacağında saxlaması ilk növbədə yol hərəkəti qaydasının kobud şəkildə pozulmasıdır: “Sözsüz ki, bu hərəkət inzibati xətadır. Ancaq hesab edirəm ki, bu eyni zamanda həmin ərazidə piyadaların hüquqlarının pozulmasıdır, ictimaiyyətə hörmətsizlikdir. Ərazidə polis əməkdaşı xidmət aparanda hər şey qaydasında olur, ərazidən polis əməkdaşı uzaqlaşırsa və ərazi qısa müddətdə nəzarətsiz qalırsa, taksi sürücüləri bundan isrifadə edib yenə də avtobus dayanacağında dururlar”.

V.Əsədov bildirib ki, burada məsələ təkcə yol polisinin fəaliyyəti ilə həll olunmur: “Bu məsələyə təkcə yol polisi yox, cəmiyyət də reaksiya verməlidir. Bunu həm sürücü, həm paytaxt sakini, həm də yol polisi əməkdaşı kimi deyirəm. Burada iş yol polisinin inzibati protokol tərtib etməsi ilə yekunlaşmır. Avtobus dayanacağı hər kəsin mütəmadi istifadə etdiyi, hərəkətin intensiv olduğu yerdir, bir nöqtədən digər nöqtəyə hərəkət etmək üçün yaradılmış marşrut nöqtəsidir. Kiminsə buranı avtomobili ilə tutması doğru deyil. Bu halllara qarşı ancaq yol polisi mübarizə aparmamalıdır. Bakı şəhərində minə yaxın avtobus dayanacağı var. Hər avtobus dayanacağında əməkdaşları dayanmalıdır?”

Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov da hesab edir ki, məsələnin həllində vətəndaşların da rolu olmalıdır. Ə.Hüseynov Trend-ə bildirib ki, ilk növbədə sürücülərdə yol hərəkəti mədəniyyəti olmalıdır: ""20 Yanvar" metrostansiyasının yaxınlığında yol polis əməkdaşları taksi sürücülərinin bu cür hərəkətinin qarşısını almaq üçün 6 aydır ki, ciddi iş aparırlar. Amma polis ərazidən çəkilən kimi taksilər yenə öz fəaliyyətlərinə davam edirlər”./Trend/



  Bölmə: Ölkə | Baxış sayı: 318 | Tarix: 01.12.2016, 01:11


Xəbərlər