Polad Bülbüloğlu YUNESKO-nun baş direktoru postuna namizədliyini geri götürüb
10.10.2017 322 0.0 0

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu YUNESKO-nun baş direktoru postu uğrunda seçki mübarizəsini dayandırmağı qərar verib. Məlumata görə, bu barədə Azərbaycanın Rusiyadakı səfirliyinin yaydığı bəyanatda bildirilib.

 

"Mən fəxr edirəm ki, ölkəm tərəfindən YUNESKO-nun baş direktoru  vəzifəsinə namizədliyim irəli sürülüb. Azərbaycan hökumətinə, şəxsən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mənə göstərdiyi etibara və dəstəyinə görə təşəkkürümü bildirirəm.

 

Seçkilərə az müddət qalmış biz intensiv seçki kampaniyası keçirtdik. Bu çətin işdə mənə yardım göstərənlərə təşəkkürümü bildirirəm.

 

YUNESKO-nun İcraiyyə Komitəsinin üzv ölkələrinə çoxsaylı səfərlər gerçəkləşdirilib. Onlarla görüşlər, çıxışlar və təqdimatlar keçirilib. Beynəlxalq nəşrlərdə məqalələr çap olunub. Həmin məqalələrdə Azərbaycanın namizədinin YUNESKO-nun gündəmi, təşkilatın gələcək fəaliyyəti ilə bağlı mövqeyi işıqlandırılıb. Bunlar böyük diqqət və dəstəklə qarşılanıb.  

 

Məhz YUNESKO-nun İcraiyyə Komitəsinin üzv ölkələrinin seçki kampaniyası çərçivəsində göstərdiyi dəstək bizə uğura ümid etməyə əsas verib.

 

Lakin qələbə üçün lazım olan 30 səs uğrunda Azərbaycanla yanaşı Çin, Fransa, Misir kimi iri, ümumilikdə isə 8 dövlətin iştirakı ilə aparılan yüksək rəqabətli mübarizə zamanı biz seçkiqabağı kampaniyadakı uğuru davam etdirə bilmədik və lazımi sayda səs toplaya bilmədik.

 

Bu səbəbdən mən təəssüflə seçki mübarizəsini dayandırmağı qərara aldım. Lakin mən hesab edirəm ki, borcumu yerinə yetirmişəm, çünki məndən asılı və lazım olan hər şeyi etmişəm.   

 

Bu cür mötəbər beynəlxalq təşkilatın rəhbəri vəzifəsinə namizədliyinin irəli sürülməsi faktı hər bir insanın həyatında böyük bir nailiyyətdir”.   

 

Səfir seçki prosesində ona  dəstək göstərən hər bir kəsə dərin minnətdarlığını bildirib.  

 

Qeyd edək ki, Parisdə baş tutan YUNESKO-nun baş direktoru postuna seçkilərin ikinci turu da nəticə verməyib.

 

Namizədlərdən heç biri qələbə qazanmaq üçün kifayət qədər səs toplamayıb.

 

YUNESKO-nun yeni baş direktoru postuna 7 ölkənin nümayəndəsi, o cümlədən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun namizədliyi irəli sürülüb.

 

YUNESKO-nun yeni rəhbərinin adı oktyabrın 13-dək məlum olacaq. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar