Pərpətöyünün faydaları
11.01.2016 802 0.0 0

Pərpətöyünün tarixi 4 min il bundan əvvələ gedib çıxır. XIX əsrdə Avropaya gətirilən pərpətöyünün vətəni Hindistan, Argentina və Braziliya hesab edilir. Qədim Misirdə şəfalı bitki kimi pərpətöyünün yarpaqları və gövdəsini xörəyə əlavə edirdilər.

Orta əsrlərdə Ərəblər pərpətöyünü yüksək qiymətləndirərək onu “bəzəkli tərəvəz” adlandırırdılar. Qədim Yunanıstanda daha çox dərman bitkisi kimi tanınması öz ifadəsini Hipokratın əsərlərində tapıb. Pərpətöyünlə ilan sancmasını, müxtəlif yaraları, hətta yuxusuzluğu müalicə edirdilər. Məşhur təbib Böyük Plini bitkilər arasında məhz pərpətöyünü “istifadəyə məcbur” hesab etmişdi. Məşhur şərq loğmanı İbn Sina da onu ən mühüm təbii dərmanlardan biri kimi qiymətləndirirdi. Hazırda pərpətöyün Hindistan və Fransada, Qafqaz və Aralıq dənizi ölkələrində yetişdirilir.
Yabanı pərpətöyün Azərbaycanın ən çox Samur-Dəvəçi ovalıqlarında, Naxçıvanın düzən və orta dağlıq rayonlarında, Lənkəran düzənliyində, bağ və bağçalarda alaq bitkisi kimi yayılıb. Bir çox bölgələrdə ona pərpərəng də deyirlər.
Pərpətöyünün tərkibi A, B1, B2, K, PP vitaminləri, üzvi turşular, qlükoza, saxaroza, zülali maddələr, kalsium, kalium, maqnezium, manqan və digər faydalı maddələrlə zəngindir. Toxumlarının tərkibində piyli yağlar, linol, palmitin, stearin kimi yağ turşuları mövcuddur. Müalicə vasitəsi kimi bitkinin təzə zoğları, yarpaqları, çiçəkləri və toxumlarından istifadə edilir. Tərkibində olan təbii hormonabənzər maddə orqanizmə noradrenalin kimi təsir göstərir, mərkəzi sinir sistemini stimullaşdırır və tonusu artırır. Zəhərli ilan və həşəratların sancması zamanı, qaraciyər və böyrək xəstəliklərində yarpaqlarından istifadə olunur. Xüsusilə sidik kisəsində olan iltihabi proseslərə qarşı təsir göstərir, həmçinin sidikqovucu effekt verir. Enterokolit və hemorroy zamanı ağrı hissiyyatını aradan qaldırır. Tərkibindəki K vitamin qankəsici təsir göstərir. Pərpətöyün mədəaltı vəzdən insulin hormonunun sintezini artıraraq qanda qlükozanın səviyyəsini azaldır. 
Pərpətöyünün mühüm xüsusiyyətlərindən biri də salmonella, dizenteriya və trixomonada kimi xəstəliktörədici mikroblara qarşı antibakterial təsir göstərməsidir. Ürək fəaliyyətini normallaşdırır, qanda xolesterinin səviyyəsini azaldır, arterial təzyiqi artıraraq hipotoniyanın qarşısını alır. Gövdəsinin və yarpaqlarının tərkibində olan selikli maddələr dəri və selikli qişaların regenerasiyasını artırır, dərialtı kollagenin parçalanmasını ləngidir, tərkibindəki A vitamini dərinin qidalanmasını yaxşılaşdırır, dəri yaşlanmasının qarşısını alır. Pərpətöyündən hazırlanan maska dərini cavanlaşdırır və qırışların hamarlanmasını təmin edir.

Əks göstərişləri
Arterial təzyiqi yüksəltdiyinə görə hipertoniyadan əziyyət çəkənlər ondan istifadə edərkən ehtiyatlı olmalıdırlar. Uşaqlığın tonusunu artırdığına görə hamilə qadınların istifadə etməsi məsləhət deyil.

Kulinariya reseptləri

Pərpətöyün turşusu

1 kq iri, ətli pərpətöyün zoğları yarpaqları ilə birlikdə axar su altında təmiz yuyulur. Hərəsində 10-12 ədəd olmaqla dəstə-dəstə bağlanır, sıra ilə 2 litrlik şüşə bankaya yığılır, hər sıranın arasına 1-2 diş sarımsaq, 2-3 ədəd dəfnə yarpağı, quru şüyüd toxumları, kərəviz yarpaqları, 3-4 ədəd qara istiot dənəsi əlavə edilir. 3 xörək qaşığı iri xörək duzu, 4 fincan üzüm sirkəsi və 2 fincan suyun qarışığı üzərinə çıxana qədər əlavə edilir, qapağı bağlanır. Sərin yerdə saxlanır.

Qatıqlı pərpətöyün salatı

- 1 böyük dəstə təzə pərpətöyün
- 2 fincan süzmə qatıq
- 2 diş əzilmiş sarımsaq (miqdarı zövqə görə müəyyənləşdirilir)
- Quru nanə (zövqə görə)
- Duz, qırmızı bibər (zövqə görə)
- Zeytun yağı.

Hazırlanması qaydası:
Pərpətöyün təmizlənir, yarpaqları ilə birlikdə iri-iri doğranır, axar su altında təmiz yuyulur, suyu süzülərək qurudulur. Süzmə qatıqla əzilmiş sarımsaq bir qabda qarışdırılır, pərpətöyün əlavə olunaraq qarışdırılır. Tam qarışandan sonra zövqə görə duz və nanə əlavə edilir. Hazır salat dayaz boşqaba çəkilir, üzərinə bir qədər zeytun yağı gəzdirilir, qırmızı istiot səpilərək süfrəyə verilir.

Müalicəvi reseptlər

2 xörək qaşığı təzə pərpətöyün üzərinə 1 stəkan su əlavə edilir, zəif ocaqda 10 dəqiqə qaynadılır, ocaqdan götürülür, yun dəsmala bükülərək 1,5-2 saat dəmlənir, süzülür. Alınan dəmləmə artrit, kişilərdə cinsi fəaliyyətin zəifləməsi zamanı 1-2 xörək qaşığı gündə 3-4 dəfə qəbul edilir, baş dərisində kəpəklənmə və saç tökülməsi zamanı saçların diblərinə çəkilir./saglamolun.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar