Ötən il Azərbaycan əhalisinin sayı artıb
19.02.2016 620 0.0 0

 Azərbaycan əhalisinin sayı ötən il 112,6 min nəfər və yaxud 1,2% artaraq bu ilin əvvəlinə 9705,6 min nəfər olub.
 
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2015-ci ildə əhalinin ümumi artımı əsasən təbii artım hesabına baş verib. Bununla yanaşı, miqrasiya artımı da müşahidə olunmuş və əhalinin ümumi artımının 1%-ni təşkil edib.
 
Əhalinin sıxlığı bir kvadrat kilometrə 112 nəfərdir. Əhalinin 53,1%-i şəhər, 46,9%-i isə kənd sakinləridir. Əhalinin 49,8%-ni kişilər, 50,2%-ni qadınlar təşkil edir. Hazırda hər 1000 kişiyə orta hesabla 1007 qadın düşür.
 
Son illər ölkədə doğum səviyyəsi yüksək olaraq qalmaqda davam edir və ötən il Azərbaycanda doğulanlar ölənlərin sayından 111,5 min nəfər çox olub. Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 2015-ci ildə ölkədə doğulmuş 166,2 min körpə qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 17,4 təşkil edib. Doğulan körpələrin 53,2%-i oğlan, 46,8%-i isə qız uşaqlarından ibarət olub. Körpələrin 3054-ü əkiz, 84-ü üçəm, 8-i isə dördəm doğulub.
 
Hazırda ölkədə uşaq doğmaq qabiliyyətinə malik olan hər bir qadına bütün ömrü boyu orta hesabla 2,1 uşaq düşür və əhalinin təkrar istehsalı təmin olunur.
 
Ötən il ərzində Azərbaycanda 54,7 min ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölənlərin sayı 5,7 təşkil edib. Ölüm səviyyəsi gözlənilən ömür uzunluğu göstəricisinə də öz təsirini göstərir. Ötən il bu göstərici 74,2 yaş, o cümlədən kişilər üçün 71,6, qadınlar üçün 76,8 yaş olub./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar