Ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri
17.02.2015 698 0.0 0

Bu ilin Yanvar ayında 3,6 milyard manatlıq Ümumi Daxili Məhsul istehsal edilmiş və keçən ilin müvafiq dövrünün səviyyəsindən 4,4 faiz yüksək olmuşdur. Əlavə dəyərin 48,0 faizi məhsul istehsalı sahələrində, 42,0 faizi xidmət sahələrində istehsal olunmuş, 10,0 faizi isə məhsula və idxala xalis vergilərin payına düşmüşdür.
Əlavə dəyərin 2,6 milyard manatı və ya 70,5 faizi qeyri-neft sektorunda istehsal olunaraq ötən ilin yanvarı ilə müqayisədə 5,5 faiz, neft sektorunda isə 3,1 faiz artmışdır. 
2015-ci ilin yanvar ayında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər 1,8 milyard manatlıq, yaxud 2014-cü ilin müvafiq dövründə olduğundan 1,4 faiz çox sənaye məhsulu istehsal etmişlər. Məhsul istehsalı sənayenin mədənçıxarma bölməsində 4,4 faiz, o cümlədən neft hasilatı 2,1 faiz, əmtəəlik qaz hasilatı isə 7,0 faiz artmışdır. 
İqtisadi fəaliyyət növləri təsnifatına uyğun olaraq sənaye məhsulunun 58,1 faizi mədənçıxarma bölməsində, 30,2 faizi emal bölməsində, 10,7 faizi isə elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 1,0 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunmuşdur. 
Sənayenin emal bölməsinin məhsullarından içki istehsalı 8,0 faiz, kimya sənayesi məhsulları istehsalı 33,7 faiz, rezin və plastmas məmulatların istehsalı 19,3 faiz, hazır metal məmulatların istehsalı 2,7 faiz, tikinti materialları istehsalı 54,8 faiz, elektrik avadanlıqlarının istehsalı 85,2 faiz, avtomobil və qoşquların istehsalı 10,5 dəfə, sair nəqliyyat vasitələri istehsalı 74,3 faiz artmışdır. 
Sənayenin elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində məhsul istehsalı 3,0 faiz, elektrik enerjisi istehsalı isə 4,2 faiz artaraq 2,2 milyard kVt saat olmuşdur. 
Su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində məhsul istehsalı 10,9 faiz artmışdır. 
Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 1,8 faiz azalmış, neft sektorunda isə 2,6 faiz artmışdır. 
Kənd təsərrüfatında yaz-tarla işlərinə hazırlıqla yanaşı yanvar ayında 36,6 min ton diri çəkidə ət, 143,0 min ton süd, 135,2 milyon ədəd yumurta və 3,0 min ton tərəvəz istehsal edilmişdir. 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 0,8 faiz, süd istehsalı 6,8 faiz, yumurta istehsalı 9,5 faiz, tərəvəz istehsalı 6,1 faiz, kənd təsərrüfatının ümumi məhsulu 3,5 faiz artmışdır. 
Yanvar ayında ölkənin tikinti kompleksində 682,7 milyon manat məbləğində, yaxud ötən ilin yanvar ayında olduğundan 2,9 faiz çox vəsaitdən istifadə edilmiş və onun 502,2 milyon manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitin 259,4 milyon manatı yerli mənbələrdən daxil olmuşdur. 
Müxtəlif mənbələrdən ayrılmış vəsaitlər hesabına yanvar ayında 121,2 min kv.metr yaşayış evləri, 45 nəfəri qəbul edən ambulatoriya-poliklinika müəssisəsi, 50 yerlik məktəbəqədər təhsil müəssisəsi, Sumqayıt şəhərində Beton məmulatı zavodu və “Alyans Tekstil” tikiş fabriki, Qusar rayonunda “Park Chalet Shahdag” Oteli istifadəyə verilmişdir. 
2014-2018-ci illəri əhatə edən regionların sosial-iqtisadi inkişafının üçüncü Dövlət Proqramının birinci ilində ölkədə 127,3 min yeni, o cümlədən 105,1 min daimi iş yeriaçılmışdır. 
Nəqliyyat kompleksində fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən yanvar ayında 17,2 milyon ton yük və 137,6 milyon nəfər sərnişin daşınmış, 2014-cü ilin müvafiq dövrünə nisbətən yük daşınması 3,2 faiz, sərnişin daşınması 4,1 faiz artmışdır. Yük daşınması avtomobil nəqliyyatı ilə 2,7 faiz, hava nəqliyyatı ilə 16,4 faiz, sərnişin daşınması avtomobil nəqliyyatı ilə 3,8 faiz, metro ilə 5,6 faiz, hava nəqliyyatı ilə 3,0 faiz artmışdır. 
İnformasiya və rabitə xidmətləri müəssisələrinin əhaliyə, idarə və təşkilatlara göstərdikləri xidmətlərin həcmi yanvar ayında ötən ilin müvafiq dövrünə nisbətən 13,9 faiz artaraq 133,6 milyon manat təşkil etmişdir. 
Yanvar ayında pərakəndə ticarət şəbəkəsindən əhaliyə 1820,8 milyon manat məbləğində istehlak malları satılmış və xidmət müəssisələri tərəfindən 615,5 milyon manatlıq pullu xidmət göstərilmişdir. 2014-cü ilin yanvar ayı ilə müqayisədə əmtəə dövriyyəsi 9,4 faiz, pullu xidmətlərin həcmi isə 5,5 faiz artmış, ölkə sakinləri ticarət şəbəkəsindən 913,8 milyon manatlıq qida məhsulları, içkilər və tütün məmulatı və 907,0 milyon manatlıq qeyri-ərzaq malları almışlar. 
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən 2014-cü ildə ölkənin hüquqi və fiziki şəxsləri xarici dövlətlərlə 31,0 milyard dollar məbləğində ticarət əməliyyatları aparmışlar. Əmtəə dövriyyəsinin 70,4 faizini və ya 21,8 milyard dollarını ölkədən ixrac olunmuş mallar, 29,6 faizini (9,2 milyard dollarını) isə idxal məhsulları təşkil etmiş, 12,6 milyard dollar məbləğində müsbət saldo yaranmışdır. Əmtəə mübadiləsinin 90,6 faizi və ya 28,1 milyard dollarlığı uzaq xarici dövlətlərlə, 9,4 faizi (2,9 milyard dolları) MDB üzvü ölkələri ilə aparılmışdır. 
Ölkəmizə idxal olunmuş malların 77,3 faizi və ya 7,1 milyard dolları uzaq xarici dövlətlərdən, 22,7 faizi (2,1 milyard dolları) MDB üzvü ölkələrindən daxil olmuşdur. Ölkəmizə gətirilmiş malların 28,1 faizini maşınlar, mexanizmlər, elektrotexniki avadanlıqlar, aparatlar, 8,8 faizini quru yol nəqliyyat vasitələri, uçan aparatlar, üzən nəqliyyat vasitələri, 13,6 faizini azqiymətli metallar və onlardan hazırlanmış məmulatlar, 4,6 faizini mirvari, qiymətli daşlar və metallar, onlardan hazırlanan məmulatlar, 9,7 faizini ərzaq məhsulları, spirtli və spirtsiz içkilər, sirkə, tütün, 7,8 faizini kimya sənayesi məhsulları, 4,6 faizini bitki mənşəli məhsullar və s. təşkil etmişdir. 
Ölkədən ixrac edilmiş malların 96,2 faizi, yaxud 21,0 milyard dolları uzaq xarici dövlətlərə, 3,8 faizi (0,8 milyard dolları) isə MDB üzvü ölkələrinə göndərilmişdir. Xarici ölkələrə göndərilmiş malların içərisində mineral məhsullar üstünlük təşkil etmişdir. Bundan başqa, ölkədən bitki mənşəli məhsullar, ərzaq, kimya sənayesi məhsulları, azqiymətli metallar və onlardan hazırlanmış məmulatlar, plastik kütlələr, kauçuk, rezin, onlardan hazırlanmış məmulatlar və s. ixrac olunmuşdur. 
Əmtəə mübadiləsi daha çox İtaliya, Almaniya, İndoneziya, Rusiya, İsrail, Türkiyə, Fransa, ABŞ, Böyük Britaniya, Tailandla aparılmışdır. 
Ötən il qeyri-neft məhsullarının ixracı 1,7 milyard dollar təşkil etmişdir. 
2014-cü ildə ölkəmizə 49,6 milyon dollar məbləğində humanitar və texniki yardım daxil olmuşdur. 
Xam neftin ixracı barədə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətindən və ABƏŞ-dən daxil olmuş məlumatlar nəzərə alınmaqla xarici ticarət dövriyyəsi 39,5 milyard dollar, o cümlədən ixrac 30,3 milyard dollar təşkil etmiş, 21,1 milyard dollarlıq müsbət saldo yaranmışdır. 
İstehlak mallarının qiymətləri və xidmət tarifləri yanvar ayında 2014-cü ilin dekabr ayı ilə müqayisədə 0,2 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 0,4 faiz bahalaşmış, qeyri-ərzaq mallarının qiymətləri və xidmət tarifləri isə dəyişməmişdir. 2014-cü ilin yanvarına nisbətən istehlak mallarının qiymətləri və xidmət tarifləri 0,2 faiz, o cümlədən qeyri-ərzaq mallarının qiymətləri 0,2 faiz, xidmət tarifləri 0,8 faiz bahalaşmış, ərzaq məhsullarının qiymətləri isə 0,4 faiz ucuzlaşmışdır. 
Yanvar ayında mal, qoyun və toyuq ətinin, yumurtanın, limonun, portağalın, bananın, göyərtinin, çuğundurun, kökün qiymətləri ucuzlaşmış, düyünün, buğda ununun, almanın, armudun, heyvanın, narın, xurmanın, kələmin, xiyarın, pomidorun, kartofun, soğanın, sarımsağın qiymətləri bahalaşmışdır. 
Ölkədə muzdla işləyənlərin orta aylıq əmək haqqı 2014-cü ildə əvvəlki ilə nisbətən 4,5 faiz yüksələrək 444,3 manat, əhalinin hər nəfərinə düşən gəlirləri isə 2015-ci ilin yanvar ayında ötən ilin yanvarına nisbətən 4,2 faiz artaraq 282,9 manat olmuşdur. 
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin məlumatlarına əsasən 2014-cü ildə dövlət büdcəsinə 18,4 milyard manat vəsait daxil olmuş, büdcədən 18,7 milyard manat vəsait xərclənmişdir. Büdcənin gəlirləri ilə xərcləri arasında yaranmış 298,8 milyon manatlıq kəsir ümumi daxili məhsulun 0,5 faizinə bərabər olmuşdur. 
2015-ci il yanvarın 1-nə kimi ölkənin maliyyə-kredit təşkilatları hüquqi və fiziki şəxslərə 18,5 milyard manat məbləğində kredit ayırmışlar. Verilmiş kreditlərin həcmi 2014-cü il yanvar ayının 1-i ilə müqayisədə 20,2 faiz artmış, onun 78,8 faizi və ya 14,6 milyard manatı uzun müddətli olmuşdur. Kreditlərin 976,3 milyon manatının, yaxud 5,3 faizinin ödəmə vaxtı keçmişdir. 
Əhalinin banklardakı əmanətlərinin məbləği bir il ərzində 12,4 faiz artaraq yanvar ayının 1-i vəziyyətinə 7,2 milyard manata çatmışdır. 
Yanvar ayında milli valyutanın 1 ABŞ dollarına məzənnəsi 0,78 manata, 1 Avroya 0,9 manata və 100 Rusiya rubluna 1,24 manata bərabər olmuşdur. 

Makroiqtisadi göstəricilər

 

Göstəricilər 2015-ci ilin yanvar ayında faktiki, milyon manat 2015-ci ilin yanvar ayı 2014-сü ilin yanvar ayına nisbətən, faizlə Məlumat üçün:
2014-cü ilin yanvar ayı 2013-сü ilin yanvar ayına nisbətən, faizlə
Ümumi daxili məhsul 3 631,7 104,4 100,8
o cümlədən qeyri-neft ÜDM-si 2 561,5 105,5 107,7
Sənaye məhsulu 1 780,2 101,4 96,0
o cümlədən qeyri-neft sənayesi 555,9 98,2 105,6
Əsas kapitala yönəldilmiş vəsaitlər 682,7 102,9 106,3
Kənd təsərrüfatı məhsulu 222,0 103,5 103,3
Nəqliyyat sektorunda yük daşınması, mlyn. ton 17,2 103,2 100,7
o cümlədən qeyri-neft yüklərinin daşınması 11,8 102,9 105,1
İnformasiya və rabitə xidmətləri 133,6 113,9 112,7
Pərakəndə ticarət dövriyyəsi 1 820,8 109,4 109,3
Əhaliyə göstərilən pullu xidmətlər 615,5 105,5 107,8
Dövlət büdcəsinin gəlirləri 18 400,5x) 94,4 xx) 112,8xxx)
Dövlət büdcəsinin xərcləri 18 699,3x) 97,7xx) 109,9xxx)
Dövlət büdcəsinin kəsiri 298,8 - -
Əhalinin gəlirləri 2 680,9 105,5 102,0
Əhalinin hər nəfərinə düşən gəlirlər, manat 282,9 104,2 100,7
Orta aylıq əmək haqqı, manat 444,3x) 104,5xx) 106,7xxx)
İstehlak qiymətlərinin indeksi x 100,2 102,2
Statistika məlumatı1):
Xarici ticarət dövriyyəsi, mlyn. ABŞ $ 39 462,1x) 95,83) x
o cümlədən:
ixrac 30 274,4x) 99,23) x
ondan qeyri-neft məhsulu ixracı 1 709,4x) 98,53) 106,04)
idxal 9 187,7x) 85,43) 109,14)
Gömrük məlumatı2):
Xarici ticarət dövriyyəsi, mlyn. ABŞ $ 31 016,3x) 94,13) 106,24)
o cümlədən:
ixrac 21 828,6x) 98,03) 105,04)
idxal 9 187,7x) 85,43) 109,14)
Qeyd: 
1) Ölkə sərhədini keçərək faktiki ixrac olunmuş, lakin hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməyən xam neft və təbii qazın həcmi və statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla.
2) Xam neft və təbii qaz ixracında gömrük rəsmiləşdirilməsi tarixi ilə bu məhsulların faktiki ixrac tarixi (ölkə sərhədini keçmə tarixi) üst-üstə düşmədiyi üçün ölkə üzrə ixracın ümumi həcminə ixrac edilmiş xam neft və təbii qazın hesabat dövründə gömrük orqanlarında yalnız rəsmiləşdirilən həcminə dair məlumatlar daxil edilmişdir.
3) 2014-cü il 2013-cü ilə nisbətən, müqayisəli qiymətlərlə;
4) 2013-cü il 2012-ci ilə nisbətən, müqayisəli qiymətlərlə;
x) 2014-cü il; 
xx) 2014-cü il 2013-cü ilə nisbətən;
xxx) 2013-cü il 2012-ci ilə nisbətən.

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar