Nardaranda fəaliyyət göstərəcək dini icma haqda açıqlama
15.02.2016 697 0.0 0

Nardarandakı məscidlərlə bağlı orada yalnız bir icmanın qeydiyyata alınması və digər məscidlərin o icma vasitəsi ilə mütəvəli (nümayəndə) qayda ilə idarə olunması barədə qərar qəbul edilib.
 
Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı açıqlamasında bildirib ki, yerli sakinlərin iştirakı ilə qərara alınıb ki, icma Rahimə Xanım ziyarətgah məscidində qeydiyyata alınsın və dində mövcud olan qaydaya görə qəsəbədəki digər məscidlərə oradan mütəvəlilər təyin edilsin.
 
M. Qurbanlı qeyd edib ki, Nardarandakı digər məhəllə məscidlərində ayrıca icmaların olması zəruri hesab edilməyib: “İcma Rahimə Xanım ziyarətgahında qeydiyyata alındıqdan sonra mütəvəlilər Qafqaz Müsəlmanları İdarəsinin ora təyin olunmuş qazısı tərəfindən təqdim ediləcək və QMİ tərəfindən təsdiq ediləcək. Mütəvəlilər Nardarandakı məscidlərin fəaliyyətini qeydiyyata alınacaq bir icmadan əlaqələndirə biləcəklər. Onların fəaliyyətinə QMİ-nin qazısı istiqamət verəcək. Bütövlükdə isə hamısı dini baxımdan QMİ-yə tabe olacaq, qanunlara nəzarət baxımından isə bizim Komitə ilə sıx əlaqədə fəaliyyət göstərəcək. Beləliklə, Nardaranda bir icma yaranır, nardaranlıların da istəyi odur ki, bu icma Rəhimə Xanım məscid-ziyarətgahında olsun. O icmanın qeydiyyata alınması ilə bağlı hazırda iş gedir və proseslər başa çatdıqdan sonra icma qeydiyyata alınacaq”.
 
Qeyd edək ki, Nardaranda Cümə məscidi, Rəhimə Xanım məscidi, Qulam Əli məscidi, Kiçik məscidi və Ağa məscidi mövcuddur. Məlum hadisələrdən sonra Cümə məscidi istisna olmaqla, digər məscidlərin fəaliyyəti qeydiyyatsız olduqları üçün dayandırılıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar