Namiq Abdullayev: `Prezidentin bizi qəbul etməsi güləşçilərə stimul oldu`
01.04.2022 458 0.0 0

“Bu qələbə münasibətilə xalqımızı, cənab prezident İlham Əliyevi və Birinci vitse-prezident Mehriban Əliyevanı, Milli Olimpiya Komitəsini, Gənclər və İdman Nazirliyini və Güləş Federasiyasını təbrik edirəm".

Qazeta.info "Report"un məlumatına əsasən bildirir ki, bunu sərbəst güləş üzrə Azərbaycan millisinin baş məşqçisi Namiq Abdullayev Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş Avropa çempionatı barədə təəssüratlarını Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə bölüşərkən deyib.

O bildirib ki, bir neçə gün bundan əvvəl U-23 Avropa çempionatında da komanda hesabında çempion olduqdan sonra Prezident İlham Əliyev tərəfindən qəbul edilmələri güləşçilər üçün böyük stimul olub: "Cənab Prezident bütün heyəti qəbul etdi, təbriklərini çatdırdı, tövsiyələrini verdi. Əlbəttə, bu, idmançılar üçün böyük stimul oldu. Onun diqqət və qayğısını daim hiss edirik. Göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarova, daim yanımızda olan və bizə dəstək verən vitse-prezident, Dünya Güləş Birliyinin Büro üzvü Namiq Əliyevə təşəkkürümü bildirirəm".

N.Abdullayev Avropa çempionatında cəmi bir qızıl medal qazanmalarının səbəbini də açıqlayıb: "Bu yarışda da heyətdə gənc güləşçilər yer almışdı. Bolqarıstanda medal qazanan idmançılardan Zirəddin Bayramov, Əşrəf Aşırov və Aydın Əhmədov böyüklərin qitə birinciliyində də iştirak etdi. Zirəddini bu dəfə çempion olduğu 65 kq-da yox, 70 kq-da sınadıq. Zədəsi və hakimlərin qeyri-obyektivliyi onu medalsız qoydu. Əşrəf gümüş medal qazandı. Hətta çempion da ola bilərdi. Aydın da bir mərhələ keçməklə komandanın hesabına xallar yazdı. Əlbəttə, 4 finalçımızdan qızıl medal gözləyirdik. Əliabbas Rzazadənin (57 kq) final görüşündə də hakim səhvi oldu. Hacı Əliyev (65 kq) toplanışlara bir qədər gec qoşuldu. Ona görə də pik formada deyildi. Məhəmmədxan Məhəmmədov (97 kq) ilk dəfə Avropa çempionatında ölkəmizi təmsil edirdi. Bütün görüşləri inamla keçirdi. Təcrübəli güləşçilərə qalib gəldi və gələcək adına ümid verdi".

Baş məşqçi bildirib ki, komanda hesabında Avropa çempionu əldə etmələrində böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin də böyük zəhməti var: "Təbii ki, yeniyetmə və gənclərdən ibarət yığmalarımızın məşqçilərinin əməyini də unutmaq olmaz. Təlim-məşq toplanışlarında, yarışlara hazırlaşarkən vahid bir komanda kimi işləyirik".

52 yaşlı mütəxəssis qarşıdakı yarışlardan da danışıb: "Bizi V İslam Həmrəyliyi Oyunları və dünya çempionatı gözləyir. Ona qədər İtaliyada keçiriləcək reytinq turnirində də əsas heyət üzvlərinin iştirakı nəzərdə tutulub. Bu yarışlara hazırlıq məqsədilə müxtəlif yerlərdə təlim-məşq toplanışarı keçməyi planlaşdırırıq”.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar