Müsavatın başı yeni dərddə (FOTO)
20.09.2015 829 0.0 0

Müsavat Partiyası ilə Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı arasında qalmaqal və çəkişmə davam edir. Partiyanın bir əvvəl - ötən ilin sentyabrında keçirilən sonuncu qurultayından sonra bu siyasi təşkilatın daxilində baş verən proseslər həm istefalara səbəb oldu, həm də yeni siyasi qurumun - ADR Hərəkatının əsası qoyuldu və yeni mübarizə başladı. 

Bu gün Müsavatdan narazı qüvvələr qurultayın nəticələrinin ləğvi ilə bağlı məhkəməyə müraciət hazırlayıb. Bu barədə partiya üzvlüyündən xaric olunmuş Əlövsət Əhədoğlu məlumat verib. O bildirib ki, müraciət ilkin formatda hazırlanıb və ilk növbədə, Müsavat Partiyasının yerləşdiyi Bakı Şəhər Binəqədi Rayon Məhkəməsinə müraciət olunacaq ki, qurultayda baş vermiş pozuntular araşdırılsın: “Növbəti addım isə Ədliyyə Nazirliyinin Müsavatın Partiyasının qurultayının nəticələrinin ləğv etməsi üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmək olacaq.”

 


Gülağa Aslanlı- Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri 


Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı bu məsələ ilə bağlı bildirib ki, narazı olanlar əvvllər Ədliyyə Nazirliyinə müraciət etmişdilər: "Nazirlik bu məsələyə baxmayıb və belə bir səlahiyyətinin olmadığını bildirib. Əgər onlar məhkəməyə müraciət ediblərsə, bu, onların öz işləridir. Sadəcə, məsələ ondan ibarətdir ki, partiyanın qurultayı ötən ilin sentyabrında olub və orada qəbul olunan sənədlərin təsdiqi Ədliyyət Nazirliyi tərəfindən həyata keçirilib. İndi qurultayda saxtakarlığın olması ilə bağlı məhkəməyə müraciət etmək absurd bir şeydir. İnsanların ağlına bu gəlirsə, özləri bilərlər".

O, "bu məsələnin seçki ərəfəsində ortaya atılmış oyun ola bilərmi" sualına belə cavab verdi: "Qubad İbadoğlunun rəhbərliyi altında yaradılmış ADR hərəkatı Müsavat Partiyasının əleyhinə yaradılmış təşkilatdır. Onların istər seçki dövründə, istər seçkidən əvvəl, istərsə də sonra bütün işi-gücü Müsavata qarşı əks təbliğat aparmaqdır. Onlar partiyanın adını tez-tez hallandırmaqla özlərini gündəmdə saxlmaq istəyirlər. Çünki onlar yaratdıqları təşkilatın işi ilə gündəmdə qala bilmirlər. Ona görə də gündəmdə qalmaq üçün bu mövzuya əl atırlar."

G.Aslanlı narazılığın nədən qaynaqlandığı barədə də açıqlama verib. Onun sözlərinə görə, narazıların qurultay zamanı keçirilən demokratik seçkidə uduzmağı qəbul etməmək kimi bir iddiaları var: "Halbuki partiya sədrliyinə seçkilər indiyə qədər Azərbaycanda olmayan kimi şəffaf, ədalətli keçib. Onların narazılığının əsas səbəbi seçkiyə kölgə salmaq, məğlubiyyəti, uduzmağı qəbul etməməkdir. Seçkinin nəticələrini qəbul edən adamlar bir gün sonra nəticələri qəbul etmədikləri barədə məlumat verməklə özlərini gündəmdə saxlamağa çalışırılar". 

Müsavatın sonuncu qurultayında başqanlığa namizəd olan Qubad İbadoğlu seçkilərdə məğlub olduqdan sonra partiyadan kənarlaşdırılıb və Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatını təsis edib. Onun tərəfdarları isə qurultayın saxtakarlıqla keçirildiyini bəyan edib, nəticələrin ləğv olunması üçün Ədliyyə Nazirliyinə müraciət etmişdilər. Ədliyyə Nazirliyi isə müraciəti araşdıraraq, şikayətçilərə məhkəməyə müraciət etməyi məsləhət bilib.

 


Vurğun Əyyub - ADR sədrinin müavini

 

Bu məsələ ilə bağlı Azərbaycan Demokratiya və Rifah Hərəkatının mövqeyini də öyrəndik. ADR sədrinin müavini Vurğun Əyyub  bildirib ki, mənasız söhbətlərə cavab vermək istəmir: "Məhkəməyə müraciət edənlər müsavatçı olarq qurultayın nəticələrindən narazılıqlarını bildiriblər və bunu məhkəmə yolu ilə həll etmək istəyirlər. Müraciət ADR adından olunmayıb ki, deyək, gündəmə gəlmək üçün bunu edirik. Çox mənasız söhbətdir, buna şərh verməyə ehtiyac yoxdur. Bir daha deyirəm, ADR adından heç yerə müraciət olunmayıb. O adamlar məhkəməyə fərd olaraq müraciuət edirlər. Onun bizə aidiyyatı yoxdur". 

Müsavat Partiyasından istefa verənlər isə bunu partiya daxilində baş verən anti-demokratik fəaliyyətlə bağlayırlar. Narazılar qurultayın qeyri-legitim keçməsini, partiya sədrinin seçilməsində səsvermənin doğru olmadığını düşünürlər. Onlar yeni sədrin qanunsuz seçildiyini iddia edirlər və yeni qurultayın, konfransın və nümayəndələrin seçilməsini istəyirlər. Onların iddiasına görə, elə rayon var, heç orada partiyanın təşkilatı yoxdur, amma nümayəndə seçilib. 

Bir sözlə, o vaxtdan başlayan ziddiyət indi get-gedə daha da böyüyür. İstənilən halda siyasi təşkilatlar demokratik dəyərlərə, azad fikrə üstünlük verməlidir. Çünki istənilən partiyada demokratik dəyəri onun üzvləri və onların fikirləri yaradır. Vəziyyətin gələcəkdə necə olacağını isə zaman göstərəcək. Hələlik isə görünən odur ki, bu xəmir hələ çox su aparacaq...

 

 

Müsavat Partiyasının VIII qurultayı - 2014-cü il 27 sentyabr/anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar