Mikayıl Cabbarovun kadrları «cavanlaşdırma» islahatı: təhsil ictimaiyyəti nə düşünür?
10.04.2015 794 0.0 0

Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov Doktorantların və Gənc Tədqiqatçıların XIX Respublika Elmi Konfransında çıxışı zamanı ali məktəblərin professor-müəllim heyətinin tərkibinin “cavanlaşma”sının zəruriliyini bildirməklə bu məsələnin də artıq diqqət mərkəzində saxlayacaqlarını bəyan etdi.

Ali məktəb rektorlarına çağırış edən nazir elmi araşdırmaların inkişaf etdirilməsinin, maksimum elmi bilik fəlsəfəsindən optimal biliyəkeçidin vacibliyini bildirməklə yanaşı, müəllim-pedaqoji heyətin tərkibində gənclərin daha çox təmsil olunması, ali məktəblərdə gənc alimlərin və tədqiqatçıların rolunun və sayının artırılması üçün xüsusi proqramın hazırlanmasının lazımlığını da dilə gətirib. M.Cabbarovun açıqladığı statistik rəqəmlər həqiqətən də hazırkı dövrdə belə bir proqramın icrasının nə qədər lazımlı olduğunu təsdiqləyir. Statistik rəqəmlərə görə, bu gün dövlət ali təhsil müəssisələrində yaşı 61-dən yüksək olan elmlər doktorlarının sayı 64 faiz təşkil etsə də, yaşı 30-dək olan elmlər doktoru yoxdur. Dövlət ali məktəblərində yaşı 30-dək olan fəlsəfə doktorlarının say göstəricisi 0,7 faiz, yaşı 61-dən yuxarı olan fəlsəfə doktorlarının sayı isə 38 faizdir.

Nazirin bu göstəricilərin həm yüksəlməsi, həm də təhsilin keyfiyyətinin artırılması baxımından irəli sürdüyü yeni təşəbbüsünə elmi ictimaiyyət tərəfindən verilən ilkin rəylər artıq onun dəstəklənəcəyinə ümid yaradır.

ADA Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rəhman Şahhüseynli Trend-ə bildirib ki, artıq ənənəvi olan maksimum elmi bilikfəlsəfəsindən optimal bilik fəlsəfəsinə keçmək və onun Azərbaycanın təhsil sisteminə tətbiq etmək zəruri və qaçılmazdır: “Gənc nəslin məntiqi təfəkkürünün formalaşması və onların müasir dünyamızın reallıqları fonunda yetişdirilməsi optimal biliklərin keyfiyyətli tədrisi ilə şərtlənir. Qazanılan biliklərin praktiki tətbiqinin mümkünlüyü və ümumilikdə bu prosesin sistemli şəkildə təşkili, həyata keçirilməsi və dayanıqlılığının təmin edilməsi təhsil sahəsində ciddi irəliləyişlərə səbəb olmaqla yanaşı, ölkəmizin hərtərəfli inkişafına töhfə verəcəyi şübhəsizdir”.

Nazirin yeni təşəbbüsünü dəstəkləyən Azərbaycan Texniki Universitetinin «Metallurgiya və metalşünaslıq» kafedrasının müdiri, texnika elmləri doktoru, professor Sübhan Namazov Trend-ə açıqlamasında Azərbaycanın ali təhsil müəssisələrində professor-müəllim heyətin tərkibində gənc tədqiqatçı alimlərin təmsil olunması məqsədi ilə ayrıca proqramın hazırlanmasını çox təqdirəlayiq hal sayıb.

Təhsil nazirinin bu istiqamətdə olan yeni cağırışlarını gələcək inkişafı təmin edəcək düzgün strateji addım hesab edən kafedra müdirinin sözlərinə görə, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”na əsasən, ali təhsil müəssisələrinin təhsil-tədqiqat-innovasiya mərkəzlərinə çevrilməsi məqsədilə yeni normativ-hüquqi sənədlərin və təhsil standartlarının hazırlanması böyük perspektivlər vəd edir.

Alimin bildirdiyinə görə, bu istiqamətdə aparılan araşdırmalar göstərib ki, sənaye və istehsalat sahələri ilə əməkdaşlığın mərkəzində dövlət-biznes strukturları, elmi kadrlar-tələbələr sxemi durmalıdır. Bu prosesdə əks əlaqəli əməkdaşlıq təmin edilməlidir. Belə qarşılıqlı əlaqə olmadan nə sənayenin, nə də iqtisadiyyatın digər sahələrində innovativ inkişaf impulsuna nail olmaq mümkün deyil: “Eyni zamanda cənab nazirin qeyd etdiyi kimi, məsələ yalnız yüksək biliklərin verilməsi ilə bitə bilməz. Bu biliklər sənayenin və əmək bazarının tələblərini optimal olaraq çevik şəkildə ödəməli və günün tələblərinə tez uyğunlaşmalıdır”.

S.Namazov deyib ki, bu məsələnin həlli ali təhsil müəssisələrində təhsil-elm-innovasiya modelinin tətbiqi və gələcək inkişafa xidmət edən kifayət qədər əsaslı baza rolunu oynaya bilər. Onun sözlərinə görə, ali təhsildən sonrakı, yəni doktorantura təhsilinin inkişaf etmiş elmi məktəblərdə keçən gənc tədqiqatçıların və professor–müəllim heyətinin formalaşdırılması elmi ideyaların daşıyıcılarının hazırlanmasında ciddi əhəmiyyətə malikdir.

S.Namazav qeyd edib ki, xüsusilə texniki ali məktəblərin maddi-texniki bazasının gücləndirilməsi, müstəqil texnoparkların yaradılması xeyli vəsait tələb etdiyindən bu istiqamətdə vahid mənbədən idarə olunan Dövlət Proqramı hazırlanıb həyata keçirilməlidir: “Bu məsələ bir neçə istiqamətdə həll edilməlidir. Birincisi, dövlətin dəstəyi ilə, ikincisi, müxtəlif sənaye sahələrinin həmin istiqamətdə mövcud olan ali təhsil ocaqlarında maddi-texniki bazanın yaradılması istiqamətində, üçüncüsü isə ali məktəb mütəxəssislərinin dünyada və Azərbaycanda olan təşkilatlarala birgə qrant layihələrinin yerinə yetirilməsi istiqamətində. Bu istiqamətlərin hər üçü bir mənbədən koordinasiya olunmaqla yanaşı, vahid siyasət şəklində həyata keçirilməlidir. Bütün bunlar gənclərin elmə həvəsinin daha da artıra bilər ki, bu da cənab nazirin qeyd etdiyi kimi gənclərin elmə cəlb olunmasını təşviq edə bilər”.

Azərbaycan Universitetinin rektoru Fərid Əhmədov Trend-ə bildirib ki, elmi tədqiqat sahələrini inkişaf etdirməkdən ötrü universitetlərin uzunmüddətli strategiyaları olmalıdır. Bu strategiyada universitetlərə gənc alimlərin, xüsusilə xaricdə doktorluq dərəcələri alanların cəlb edilməsi, onların universitetlərdə saxlanılması, elmi nailiyyətlərə görə irəliyə çəkilməsi mexanizmləri aydın şəkildə göstərməlidir. Mexanizmlər yalnız gənc tədqiqatçıların maddi rifahının yaxşılaşdırılmasına yönəlmiş tədbirlərdən ibarət olmalı deyil.

Rektorun fikrincə, bu mexanizm həm də universitetlərin elmi araşdırma aparmaları üçün maliyyə fondlarının yaradılması, dünyanın müxtəlif universitetlərində çalışan elmi tədqiqat sahəsində öz sözünü demiş alimlərlə birgə layihələrin həyata keçirilməsi kimi məsələləri də əhatə etməlidir.

F.Əhmədov bildirib ki, Azərbaycanın ali təhsil müəssisələrində elmi araşdırmanın inkişaf etdirilməsi və gənc alimlərin bu işə cəlb edilməsi ilk növbədə universitetlərin strateji seçim olaraq, elmi araşdırma və ya tədris yönümlü universitet olmaq istəklərinə dair hansı qərarı vermələrindən asılıdır. İlk baxışda sadə görünən bu sualın cavabından universitetin strateji maliyyə planlaşdırılması, müəllim seçiminə tətbiq edəcəyi meyarlar, iş birliyi üçün axtaracağı partnyorlar və s. kimi ciddi məsələlər asılıdır.

Rektor hazırda universitetlərimizin bu suala cavab verməsinə bir qədər çətinlik çəkməsinə də təəssüflənib.

Xarci ölkələrin təcrübəsində toxunan F.Əhmədov deyib ki, Amerika və Böyük Britaniyada universitetlər elmi araşdırma və tədris yönümlü olur. Elmi araşdırma universitetlərində müəllimlərin dərs yükləri minimal səviyyədə olur, onların vəzifədə irəli çəkilməsi əsasən elmi araşdırmanın nəticələrindən asılı olur.

Elmi araşdırma yolunu seçmiş universitetlər elmi tədqiqata külli miqdarda vəsait ayırır və bu istiqamətdə sənayenin müxtəlif sahələri ilə iş birlikləri qururlar.

F.Əhmədov hesab edir ki, əslində müasir dövrdə elmi tədqiqatın inkişafı sənaye sahəsi ilə əlaqələr yaradılmadan mümkünsüzdür. Universitetlərdə elmi tədqiqat işi bazarda olan tələb və təklif əsasında qurulmalıdır. Universitetlərdə elmi tədqiqatın inkişafı yalnız universitetlərdən deyil, həmçinin ölkədə biznesin (iqtisadiyyatın) inkişaf səviyyəsindən də asılıdır.

Təhsil eksperti, professor Şahlar Əsgərovun fikrincə, təhsil naziri cənab Mikayıl Cabbarov təhsil fəlsəfəsində dəyişiklik edib “maksimal bilikdən optimal biliyə” yönəlmək ideyası alqışlandırılmalıdır.

Ş.Əsgərov təhsil naziri Mikayıl Cabbarovun təhsilin elmlə sıx bağlılığı, ənənəvi olan maksimum elmi bilik fəlsəfəsindən optimal biliyə keçid prinsipini əsas tutulması, praktiki elmi biliklərin təhsil sistemində tədris edilməsi, bu məqsədlə gənc alimlər və tədqiqatçılar üçün xüsusi proqramın hazırlanması, istedadlı gənclərimizin, şagirdlərin, tələbələrin, gənc tədqiqatçıların, doktorantların elmə cəlb olunmasını təşviq edəcək müasir tələblərə cavab verən yeni dövlət dəstək mexanizmlərinin tətbiqinin vacibliyi ilə bağlı yeni təşəbbüslərin uğurlu olacaqlarına əmin olduğunu bildirib: " Elm təhsildən törəyən dəyərdir. İndiki zamanda elmi biliklərin həcmi çox böyükdür. Belə bir vəziyyətdə təhsil naziri cənab Mikayıl Cabbarovun təhsilin fəlsəfəsində dəyişiklik edib “maksimal bilikdən optimal biliyə” yönəlmək ideyası alqışlanmalıdır. Müəllim-pedaqoji heyətin tərkibində gənclərin sayının artırılması və keyfiyyətin yüksəldilməsi ideyası da dövrün tələbinə cavab verir. Cənab nazirin fikrincə, ali təhsil müəssisələrində gənc tədqiqatçıların rolunun və sayının artırılması üçün orta və uzunmüddətli xüsusi proqramın hazırlanması nəzərdə tutulur. Şübhəsiz, bu proqram ali məktəblərin professor-müəllim heyətinin xeyli cavanlaşmasına səbəb olacaqdır. İnanıram ki, müasir tələblərə cavab verən yeni dövlət dəstək mexanizmlərinin yaranması və tətbiqi nəticəsində istedadlı gənclərin, tələbələrin, tədqiqatçıların özlərini elmdə reallaşdırmasına müsbət təsir edəcəkdir. Anadan alim doğulanlar elmdən kənarda qalmayacdır"./trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar