Mikayıl Cabbarov `Rio-2016`da uğur qazanmış idmançılarla görüşüb
24.09.2016 544 0.0 0

Bu gün təhsil naziri Mikayıl Cabbarov Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən idman məktəblərinin yetirmələri olan “Rio-2016” Yay Olimpiya və Paralimpiya Oyunlarında uğur qazanmış idmançılarla görüşüb.
 
Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, təhsil naziri bildirib ki, XXXI Yay Olimpiya Oyunları Azərbaycan olimpiya yığması üçün uğurlu olub.
 
Nazir qeyd edib ki, ölkəmizin idman şərəfini layiqincə təmsil edərək bu oyunlarda ən yüksək nailiyyət qazanmış idmançılardan 3 nəfər Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman məktəblərinin yetirmələridir.
 
Görüşdə “Rio-2016 “Yay Olimpiya Oyunlarının gümüş və bürünc mükafatçıları, “Təhsil” Respublika İdman Mərkəzinin Gəncə filialının yetirməsi Toğrul Əsgərov, Təhsil Nazirliyi nəzdində fəaliyyət göstərən Abşeron Rayon Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi Hacı Əliyev və “Rio-2016” Paralimpiya Oyunlarının qızıl mükafatçısı, Gəncə şəhər 1 saylı Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi Ramil Qasımov iştirak ediblər.
 
Görüşün sonunda təhsil naziri idmançılara təşəkkürnamə və hədiyyələr təqdim edib.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar