Komitə sədri: Bu şagirdlər əməkhaqqı alacaqlar
15.09.2017 617 0.0 0

Peşə məktəblərində oxuyan şagirdlərin fəaliyyəti stimullaşdırılacaq. Bu, peşə təhsilinə olan marağı daha da artıracaq.

Bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti İsa Həbibbəyli deyib.

O bildirib ki, hazırda dövlət peşə məktəblərində təhsil alan şagirdlərə təqaüd verilir. Bu işi stimullaşdırmaq üçün peşə təhsili müəssisələrinin şagirdlərinə istehsalat təcrübəsi keçərkən gördüyü işin müqabilində əlavə əmək haqqı vermək nəzərdə tutulur.

Bu məsələlərin yeni hazırlanan “Peşə təhsili haqqında” qanun layihəsində öz əksini tapdığını deyən İ.Həbibbəyli qeyd edib ki, qanun layihəsi yaz sessiyasından etibarən hazırlanmağa başlanıb. Layihə hazırlanarkən xarici ölkələrin təcrübəsi öyrənilib, əmək bazarının tələbatı öyrənilib, ölkənin reallıqları nəzərə alınıb.

Qanun layihəsinin ilkin variantının artıq hazır olduğunu deyən İ.Həbibbəyli sənədin bu yaxınlarda komitədə müzakirəyə çıxarılacağını söyləyib: “Çalışacağıq ki, “Peşə təhsili haqqında” qanun layihəsi payız sessiyasının plenar iclasına tövsiyə olunsun”.

Komitə sədri qeyd edib ki, qanun layihəsində peşə təhsili müəssisələrinin 2 istiqamətdə inkişaf etdirilməsi məqsədəuyğun hesab edilib: “Bunun biri dövlət peşə təhsil sistemidir. Bu istiqamətdə ölkədə müəyyən ənənə var və bu sahə sürətlə inkişaf edir. Amma peşə təhsilinə olan marağın artması, hətta peşə məktəblərinin bəzilərində rəqabət mühitinin yaranması göstərdi ki, özəl peşə məktəblərinin də fəaliyyət göstərməsi məqsədəuyğun olar. Qanun layihəsində dövlət peşə məktəbləri ilə yanaşı, özəl peşə təhsili müəssisələrinin yaradılmasını zəruri hesab etdik. Dövlət peşə məktəbləri kimi özəl peşə məktəblərinin də funksiyalarının müəyyən olunması, onun fəaliyyətinin hüquqi baxımdan tənzimlənməsi məsələləri qanun layihəsində öz əksini tapıb. O cümlədən, lisenziyalaşdırma, onun idarəolunmasının prinsipləri, təsisçi ilə bağlı məsələlər də qanun layihəsində qeyd edilib”./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar