
“Azərbaycanda uşaqları bu gün dövlətin və cəmiyyətin hərtərəfli qayğısı ilə əhatə olunsa da, onların bir qisminin - qaçqın və məcburi köçkün uşaqlarının illərdən bəri doğma torpaqlarında, yurd yerlərində azad, sərbəst yaşamaq hüququnu təmin etmək indiyədək mümkün olmayıb”.
Məlumata görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova AŞPA-nın Bakıda keçirilən Sosial məsələlər, sağlamlıq və dayanıqlı inkişaf komitəsinin iclasında deyib. O bildirib ki, Azərbaycan-Ermənistan hərbi münaqişəsi zamanı 193 uşaq qətlə yetirilib, yaralanan uşaqların sayı isə yüzlərlədir: “Dövlətimiz münaqişə müddətində 210 uşağın əsir və girovluqdan azad edilməsinə nail olub, 61 uşaq itkin düşüb, 27-si isə hələ də əsirlikdədir. 1994-cü ildə atəşkəs rejiminin elan olunmasına baxmayaraq, ermənilərin Azərbaycanda uşaqları qətlə yetirməsi faktları davam edir. Ötən dövrdə 32 uşaq erməni terrorunun qurbanı olub. Onlardan 13-ü həlak olub, 19-u isə yaralanıb”.
Komitə sədri bildirib ki, son illərdə 3 mindən çox orta məktəb, səhiyyə müəssisəsi, 40 olimpiya və gənclər mərkəzi tikilib: “Azərbaycanda uşaq hüquqlarının güclənməsi ilə bağlı vacib qanunlar qəbul olunub. Bunlar sırasında nikah yaşının 17-dən 18-ə qaldırılması var”.
Komitə sədrinin sözlərinə görə, ölkədə iki milyon altı yüz minə yaxın uşaq var./apa/