İranlılar küçələrə axışdı (VİDEO)
15.07.2015 640 0.0 0

Tarixi və taleyüklü gün, İranda böyük coşqu ilə qeyd olunur. Razılaşma imzalanan gecə, Tehran küçələrində yaşananlar dünyanın aparıcı agentliklərinin əsas görüntüsünə çevrilib. Dinc məqsədlərlə istifadə olunacaq nüvə enerjisini, böyük uğur hesab edən edən sakinlər ölkələrinin bundan sonra daha da inkişaf edəcəyinə inanırlar.

ANS TV-nin İran bürosunun məlumatına görə, iyulun 14-də İranda dünya güclərinin razılaşma və nüvə danışıqlarının yekunlaşması səbəbindən insanlar küçələrə axışaraq öz sevinclərini göstəriblər və bir-birinin şadlıqlarını paylaşıblar.

Paytaxt Tehran və digər şəhərlərdə sakinlər iftardan dərhal sonra küçələrə axışaraq İranın “altılıq” ölkələrilə tarixi razılaşmasını bayram ab-havasında qeyd etdi. Uzun müddətdi bu xəbəri həyəcanla gözləyən əhali meydan və prospektlərdə öz sevinclərini rəqs edərək göstərdi.

“Mən bu xəbəri eşidən kimi ailəmlə bunu qeyd etməyə gəldim. Bizim üçün böyük uğurdur. Ölkəmizin üzərindən sanksiyalar qaldırılacaq, buna görə çox xoşbəxtik. İnşallah ölkəmiz bundan sonra daha da inkişaf edəcək”, – deyə Tehran sakini Sam Pezeşki bildirib.

Paytaxtın bir çox küçələrində avtomobillərdə dövlət bayraqlarını dalğalandırdılar. Tehranın 14 kilometer uzunluğundakı Vəli-Əsr küçəsi və Vanak meydanında yüzlərlə gənc toplaşıb hökumət rəhbərlərinə minnətdarlıq ifadə etdilər. 

Fəallar prezident Həsən Ruhani və xarici işlər naziri Məhəmməd Cavad Zərifin danışıqlarda aktiv iştirakını əsas gətirərək “Təşəkkür edirik, Ruhani” və “Təşəkkür edirik, Zərif” - deyə şüarlar səsləndirdi.

Vyanadakı razılaşmanın İranın və iranlıların gələcəyi üçün mühüm əhəmiyyəti olduğunu düşünən sakinlər artıq sabaha böyük ümidlə baxır.

“Küçələrdə izdiham var. İnsanlar şadlıq edir. Çunki hiss edirlər ki, onlar üçün umid və inkişaf yolu açılıb. Biz bu razılaşmanı ölkəmizin gələcəyi üçün çox mühüm qiymətləndiririk”, - deyə Tehran sakini Əli Torabi vurğulayıb.

Nüvə danışıqlarının bu sevindirici nəticəsi müxtəlif sosial şəbəkələrdə də böyük marağa səbəb olub. Sosial şəbəkə istifadəçiləri də razılaşmanın sevincini nikbin rəylər paylaşaraq qeyd edib./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar