İranın nüvə proqramı yenidən təftiş edilir (VİDEO)
22.09.2015 594 0.0 0

İranın nüvə proqramı yenidən "MAQATE"nin gündəmindədir. 

ANS TV-nin məlumatına görə, Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Yukiya Amano İrana səfər edib. Səfər İranın nüvə proqramı ilə əlaqədar təftiş işləri aparmaq məqsədi daşıyır.

Amano İran prezidenti Həsən Ruhani ilə görüşündə onu əmin etməyə çalışıb ki, ekspertlər təftişin nəticələrini qərəzsiz şəkildə məruzə edəcəklər.

Beynəlxalq Atom Enerjisi Agentliyinin İrana səfəri iyul ayında Avstriyanın paytaxtı Vyanada rəsmi Tehranla “altılıq” ölkələri arasında əldə olunan razılaşmaya əsaslanır.

Razılaşmada İranın nüvə proqramı fəaliyyətini məhdudlaşdıracağı təqdirdə ona qarşı qəbul olunan sanksiyaların aradan qaldırılacağı bildirilir.

Politoloq Behruz Bərzegərin sözlərinə görə, Qərb istəyir ki, nüvə obyektlərini təftiş etməklə İranın niyyətindən xəbərdar olsun: “Digər tərəfdən İran da hər zaman deyib ki, nüvə silahı yaratmayacaq. Nüvə silahından istifadə uçun qanuni və dini icazə yoxdur. Hazırda İran təftişə icazə verməklə bu iddianı sübut edir”.

İran eyni zamanda Birləşmiş Ştatları ilə əlaqələri də yaxşılaşdırmaq niyyətindədir. İran prezidenti Həsən Ruhani “CBC” telekanalına verdiyi müsahibəsində deyi ki, Amerika Birləşmiş Ştatları və İran, Tehranın nüvə proqramına dair razılaşmanın imzalanmasından sonra qarşılıqlı münasibətlərdə düşmənçiliyin azaldılması məqsədilə ilk addımları atıblar.

“Hansı istiqamətdə irəliləməyimiz vacibdir. Düşmənçiliyin güclənməsi tərəfə yoxsa, bunun dərəcəsinin azaldılmasına doğru irəliləyirik? Hesab edirəm ki, düşmənçiliyin azaldılması istiqamətində ilkin addımları atmışıq”, – deyə Həsən Ruhani bildirib.

Bununla belə, İran prezidenti bildirib ki, əldə edilən razılaşmalara əsasən, ABŞ-İran münasibətlərində fikir ayrılığı, etibarın olmaması yaxın vaxtlarda aradan qalxmayacaq.

Həsən Ruhani həmçinin İran Milli Məclisinin Tehranla “altılıq” ölkələri arasında razılaşdırılan fəaliyyət planını təsdiqləyəcəyindən əminliyini ifadə edib./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar