İlham Əliyev Gəncədə açılışlar etdi
10.11.2017 545 0.0 0

 

İlham Əliyev Gəncə şəhərində yerləşən təhsi müəssisələrində olub.

 

Qazeta.info prezidentin mətbuat xidmətinə istinadla bildirir ki, Prezident İlham Əliyev Gəncədə Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri üçün yeni inşa edilmiş 514 yerlik yataqxana kompleksinin açılışında iştirak edib.

Dövlət başçısı yataqxana kompleksinin rəmzi açılışını bildirən lenti kəsdikdək sonra, Kənd təsərrüfatı naziri Heydər Əsədov Prezident İlham Əliyevə məlumat verib ki, hazırda universitetdə 4834 nəfər tələbə bakalavriat pilləsi üzrə təhsil alır. Onlardan 3883 nəfər əyani və 951 nəfər qiyabi bölmələrdə oxuyur. Əyani bölmədə təhsil alan tələbələrin 75 faizi respublikanın müxtəlif şəhər və rayonlarından gəlmiş gənclərdir.

Bu təhsil ocağının 520 yerlik yeni tələbə yataqxanası 2016-cı ildə Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. 2015-ci ildə 514 yerlik daha bir yataqxana kompleksinin tikintisinə başlanıb və burada inşaat işləri 2017-ci ilin oktyabrında tam başa çatdırılıb. Ümumi ərazisi 13 640 kvadratmetr olan kompleks dördü 7 mərtəbəli və biri 6 mərtəbəli olmaqla 5 korpusdan ibarətdir. Kompleksdəki 257 otağın hamısı zəruri mebel və inventarla təchiz edilib. Hər mərtəbədə istirahət guşələri və mətbəx yaradılıb. Burada qeydiyyat şöbəsi, 120 nəfərlik akt və fitnes zalları, kafe, kişi bərbərxanası, qadın salonu, atelye, mağaza, camaşırxana, kitabxana, müayinə otağı və stomatoloji kabinet, valideynlərlə görüş otağı yaradılıb.

Azərbaycan Kənd Təsərrüfatı İnstitutu 1929-cu ildə Bakıda yaradılıb və 1931-ci ildə Gəncəyə köçürülüb. 1979-cu ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Kənd Təsərrüfatı İnstitutu SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanına əsasən “Şərəf nişanı” ordeni ilə təltif edilib. Nazirlər Kabinetinin 2009-cu il tarixli Qərarı ilə İnstitut Azərbaycan Dövlət Aqrar Universiteti adlandırılıb.

Yataqxananın su, elektrik, istilik və rabitə xətləri ilə təmin edilməsi üçün fərdi qazanxana, hovuz, nasosxana və transformator yarımstansiyası inşa olunub.

Kompleksin ətrafında geniş abadlıq-quruculuq işləri aparılıb, tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi üçün hərtərəfli imkan yaradılıb.

 

Daha sonra, Prezident İlham Əliyev Gəncəyə səfəri çərçivəsində İsmət Qayıbov adına Gəncə şəhər 1 saylı tam orta məktəbin binasında aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.

Dövlət başçısına məktəbin binasında aparılan əsaslı təmir və yenidənqurma işləri ilə bağlı məlumat verilib. Bildirilbi ki, ümumi sahəsi 4,8 hektar olan məktəb 2140 şagird yerlikdir. Məktəbin 980 şagird yerlik birinci korpusu 1934-cü ildə, 1160 şagird yerlik ikinci korpusu isə 1974-cü ildə inşa edilib. Burada əsaslı təmir və yenidənqurma işlərinə 2015-ci ilin may ayında başlanılıb və 2017-ci ilin noyabrında tam başa çatdırılıb. Binanın hər iki korpusu 4 mərtəbədən ibarətdir. Burada 80 sinif otağı, fizika, kimya, biologiya laboratoriyaları, 2 informatika otağı, kitabxana, 200 yerlik akt zalı, idman zalı və 100 yerlik bufet var.

Qeyd edilib ki, hazırda bu məktəbdə 1157 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 109 müəllim məşğul olur. Bu təhsil ocağı həmişə məzunları ilə fəxr edib. Diqqətə çatdırılıb ki, məktəbin məzunları arasında 4 elmlər doktoru, 36 elmlər namizədi var. Ali məktəblərə qəbulun nəticələrinə görə, son 3 ildə 160 məzun tələbə adı qazanıb.

Məktəb müasir avadanlıqlarla, videomüşahidə, yanğın əleyhinə siqnalizasiya sistemləri ilə təchiz edilib. Binaya yeni internet və telefon xətləri çəkilib. Məktəbin təbii qazla işləyən qazanxanası, transformator yarımstansiyası təmir edilib, su təminatı üçün 150 tonluq çən quraşdırılıb, yanğın əleyhinə 100 kubmetrlik anbar tikilib.

Ərazidə açıq idman meydançası yaradılıb, binanın həyətində geniş abadlıq və yaşıllıq işləri aparılıb.

 

 


Teqlər:İlham Əliyev

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar