Ötən gün Türkiyədə keçirilən növbədən kənar parlament seçkisinin ilkin nəticələri açıqlandıqdan sonra hansı partiyanın Türkiyə Böyük Millət Məclisində (TBMM) neçə millət vəkili ilə təmsil olunacağı barədə ilkin proqnozlar irəli sürülüb. Yerli mətbuata istinadən verilən məlumata görə, 49.5% səs toplayaraq seşkinin qalibi olan hakim Ədalət və İnkişaf Partiyası (AKP) TBMM-də 316 stula sahibdir. Onun ən yaxın rəqibi olan və 25.37% səslə anamüxalifətdəki mövqeyini qoruyan Cümhuriyyət Xalq Partiyası (CHP) parlamentdə 134 yerin sahibi olub. Bozqurdların siyasi təmsilçisi olan Milliyətçi Hərəkat Partiyası (MHP) bu seçkidə öz dəstəyini qismən itirib. Ötən seçkidə 80 yerə sahib olan MHP bu dəfə 11.93%-lə sadəcə 41 yer əldə edib. Separatçı kürdlərin siyasi təmsilçisi olan Xalqların Demokratiya Partiyası (HDP) da geriləyib. Seçicinin 10.69 faizinin dəstəyi ilə bariyeri kiçik bir fərqlə keçən HDP TBMM-də separatçıları 59 millət vəkili ilə təmsil edəcək.
Bunlar təxmini rəqəmlərdir və Ali Seçki Qurumunun (YSK) sədri Sadi Güven rəsmi nəticələrin 10-11 gün sonra açıqlanacağını deyib:
“Qurumumuza daxil olan qeyri-dəqiq məlumatlara görə, 10%-lik seçki bariyerini Ədalət və İnkişaf Partiyası, Cümhuriyyət Xalq Partiyası, Milliyətçi Hərəkat Partiyası və Xalqların Demokratiya Partiyasıdır. Etiraz müddətlərini də nəzərə alaraq seçkinin rəsmi nəticələrini 11-12 gün sonra açıqlayacağıq.” – deyə YSK sədri bildirib.
Ötən gün Türkiyədə növbədən kənar parlament seçkisi keçirilib. Qeyri-rəsmi nəticələrə görə, bu seçkinin qalibi 49.5% səs çoxluğu ilə AKP olub. AKP-nin xaricində daha 3 partiya da öz seçicisini Türkiyə Böyük Millət Məclisində təmsil edəcək.
Türkiyədə iyunun 7-də parlament seçkisi keçirilmişdi. Parlamentə girməyə müvəffəq olan 4 siyasi partiyanın heç biri tək başına hökumət quracaq qədər millət vəkili əldə etməyib. 550 yerli Türkiyə Böyük Millət Məclisinə AKP 258, CHP 132, MHP və HDP hər biri 80 millət vəkili ilə daxil olmuşdu. Təkbaşına hökumət qurmaq üçün bir partiyanın 276 millət vəkilinə ehtiyacı olsa da ölkədə koalisiya hökuməti qurulması barədə başlayan müzakirələr nəticəsiz qalmışdı.
Bundan sonra ölkədə növbədən kənar parlament seçkisi keçirilməsinə qərar verilmişdi. /anspress/