Gələn ilin büdcə göstəriciləri üç ssenari üzrə proqnozlaşdırılıb
29.09.2016 490 0.0 0

2017-ci il dövlət büdcəsi üçün yarana biləcək risklər və təhdidlər açıqlanıb.

 

2017-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrə istinadən xəbər verilir ki, yaran biləcək risklərdən qorunmaq məqsədilə büdcə göstəriciləri üç ssenari üzrə - pessimist (35 dollar), baza (40 dollar) və optimist (45 dollar) proqnozlaşdırılıb və risklərin təhlili üçün xam neftin daha aşağı qiymətlərinə əsaslanan ssenariləri özündə əks etdirən cədvəl tərtib edilib.

 

Xam neftin qiymətinin büdcəyə təsiri ARDNF-in büdcəyə transfertləri ilə yanaşı, SOCAR və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin büdcəyə ödədiyi mənfəət vergisidir. Cəmi dövlət büdcəsi gəlirlərində xüsusi çəkisi 45% olan ARDNF-dən dövlət büdcəsinə transfertlərin həcmi xam neftin qiymətindən asılı deyil və ölkəmizin neft gəlirlərinin Fondda toplanmasının da əsas məqsədlərindən biri məhz dövlət büdcəsini neft qiymətlərinin dəyişməsi ilə bağlı yarana biləcək risklərdən qorumaq olub. Xam neftin qiyməti 5 dollaradək aşağı düşəcəyi təqdirdə dövlət büdcəsi gəlirlərinin 10%-ni təşkil edən SOCAR-ın və ABƏŞ-in mənfəət vergisi orta hesabla 106,7 mln. manat azalması dövlət büdcəsinin gəlirlərini cəmi 0,6% azaldacaq.

 

İcmal büdcənin neftin qiymətindən asılı əsas göstəriciləri dövlət büdcəsinin və ARDNF-in gəlirləridir. Yuxarıdakı göstəricilərin təhlili göstərir ki, xam neftin 1 barrelinin qiyməti 1 dollar azalarsa dövlət büdcəsinin gəlirləri 41,6 mln. manat azalacaq. Ən pis ssenari baş tutacağı halda belə, dövlət büdcəsinin kəsirinin ÜDM-də xüsusi çəkisi 1,8% olacağı gözlənilir ki, bu da məqbul sayılır.

 

ARDNF-in gəlirləri və xam neftin qiyməti arasındakı əlaqənin təhlili göstərir ki, xam neftin 1 barrelinin qiymətinin 1 dollar azalması ARDNF-in gəlirlərini təxminən 292 mln. manat azaldacaq ki, bu da cəmi icmal büdcə gəlirlərinin 1,4%-ni təşkil edir./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar